Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsinin rəhbərliyi yeni qəbul olan tələbələrlə görüş keçirib.
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tədbiri açaraq, iştirakçılara bu ali təhsil ocağının tarixindən danışdı: “Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsi bazası əsasında yaradılıb. Yarım əsrdən çoxdur fəaliyyətdə olan universitet hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, xəstəxana və klinikaları ilə Azərbaycanın ən iri elm və tibb ocaqlarından biridir. Universitet elmi-tədqiqat laboratoriyalar, müasir cihaz və avadanlıqlarla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verib”.
Fakültə dekanı, dosent Qorxmaz Əhmədov isə tələbələri təbrik edərək, onlara universitet həyatında uğurlar dilədi. Daha sonra ATU-nun I müalicə-profilaktika fakültəsini əks etdirən slayd-şou təqdim edildi. Tələbələrə fakültənin elektron ünvanı, yerləşdiriyi yeri, dekanlığın şərtləri və s. məsələlər barədə məlumat verildi.
Görüşün sonunda Q.Əhmədov tələbələri maraqlandıran sualları cavablandırdı.