Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ATU-nun məzunu, İsrailin Ben-Qurion Universitetinin Tibb fakültəsinin baş mühazirəçisi, professor Yan Pressin rəhbərliyi ilə davam edən 2 günlük seminarın sonunda həkimlərə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Təqdimetmə mərasimində çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov iki gün davam edən seminarın çox yüksək səviyyədə təşkil olunduğunu və bunun həkimlərin təcrübələrinin artırılması baxımından önəmli xarakter daşıdığını bildirib.
R. Bəylərov ATU ilə Ben-Qurion Universiteti arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da sıx şəkildə davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxış edib.
O bildirib ki, əməkdaşlıq çərçivəsində hər iki ölkənin tibb universitetləri arasında həyata keçirilən bu layihələr çox təqdirəlayiqdir.
“Çox şad oldum ki, bu il Azərbaycan Tibb Universitetində də Geriatriya şöbəsi yaradıldı. ATU ilə Ben-Qurion Universitetinin əməkdaşlığı nəticəsində artıq ikinci dəfədir ki, belə bir seminar keçirilir. Cəmiyyətdə daha çox diqqətə və qayğıya ehtiyacı olan yaşlı insanlara kömək etmək məqsədilə belə seminarların təşkil olunması bizim üçün də böyük əhəmiyyət kəsb edir. Çalışacayıq ki, bu əlaqələri gələcəkdə daha da möhkəmləndirək”.
Səfir Azərbaycanda dövlət rəsmiləri ilə görüşlər zamanı iki ölkə arasında körpünün yaradılmasında yəhudi cəmiyyətinin böyük rol oynadığını da qeyd edib.
“Bu gün burda iştirak edən iki İsrailli mütəxəssis bunun sübutudur. Onlar Azərbaycanda böyüyüb, daha sonra təhsillərini davam etdirmək üçün İsrailə üz tutublar. Bu da mənim sözlərimin sadəcə söz olmadığını göstəricisidir. Biz ümid edirik ki, bu layihə davam edəcək, gələcəkdə də mütəxəssislər dəvət olunacaq və əməkdaşlıq əlaqələri daha da genişləndiriləcək”.
Seminarın sonunda həkimlərə sertifikatlar təqdim olunub.