Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsində bütün yaş dövrlərinə aid uşaqlara müasir, ixtisaslaşmış cərrahi yardım göstərilir. Indiyədək klinikanın cərrahlarə tərəindən bir çox körpə əməliyyat olunaraq öz sağlamlığına qobuşub. Belə əməliyyatlardan biri də bu günlərdə 3 aylıq Rəsul Əlizadə üzərində aparılıb.
17 iyun 2017-ci il təvəllüdlü Əlizadə Rəsul Akif oğlu sentyabrın ortalarında ATU-nun Tədris Cərrahiyyə Klinikasına daxil olub. Hirşprunq diaqnozu qoyulan bu körpədə bağırsaq keçirməzliyi əlamətləri olub. Valideynləri bildirib ki, bundan əvvəl bir neçə klinikaya müraciət etsələr də, orada təklif olunan müalicə və üçmərhələli əməliyyat üsulu ilə razılaşmayıblar.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, klinikada diaqnoz təsdiqlənib: “Lakin biz yüksək ixtisaslaşmış anestezioloji-reanimatoloji xidmətləri nəzərə alaraq, xəstənin bir mərhələli - transanal yolla yoğun bağırsağın rezeksiyası- koloanal anastomozun qoyulması əməliyyatını təklif etdik. Beləliklə, sentyabrın 15-də R.Əlizadə əməliyyat olundu. Əməliyyatdan bir sutka sonra xəstə qidalandırılmağa başlanıldı.Artıq yeddinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərildi”.
Cərrah R.Poluxovun sözlərinə görə, bu əməliyyat ən müasir əməliyyatlardan sayılır. Xəstəyə koloanal anastomoz qoyulur. Bu zaman qarının ön divarında heç bir kəsik aparılmadığına görə kosmetik defekt yaratmır.