Neyrocərrahlıq kafedrası ilk dəfə 1968-ci ildə Azərbaycan Tibb Universitetinin III hospital cərrahlıq kafedrasının tərkibində yaradılmışdır. O zaman kafedra “III hospital cərrahlıq və neyrocərrahlıq” adlanırdı. Kafedraya prof. Ə.B.Ağalarov rəhbərlik edirdi. Kafedrada Moskvadan Burdenko adına Elmi Tədqiqat neyrocərrahlıq institundan dəvət olunmuş tibb elmləri namizədləri A.Ş.Vəlibəyov, R.Ə.Əliyev, R.S.Həsənov və Polenov adına Sankt Peterburq ET neyrocərrahlıq institundan dəvət olunmuş t.e.n.G.Əsədov işləmişlər. Kafedra M.Mirqasımov adına xəstəxanada yerləşirdi. Kafedra işçilərinin respublikada ilk dəfə təşkil olunmuş neyrocərrahlıq şöbəsinin formalaşması üçün, neyrocərrahlığın bir tədris fənni və dissiplina kimi təşkil tapmasında xüsusi rolu olmuşdur. 1968-1980-ci illər ərzində neyrocərrahlar tərəfindən 30-a qədər elmi məqalə və tezis çap edilmiş və 10 nəfər gənc neyrocərrah hazırlanmışdır.
1981-ci ildə prof. Ə.B.Ağalarovun vəfatından sonra neyrocərrahlıq ayrıca kurs kimi III hospital cərrahlıq kafedrasından ayrılaraq fəaliyyət göstərməyə başladı. Kursa o vaxtdan 2001-ci ilə qədər dosent R.S.Həsənov rəhbərlik etmişdir. 1985-ci ilə qədər kurs yenə də Respublika Klinik xəstəxanasında yerləşirdi. Kursa yeni işçilər tibb elmləri namizədləri V.J.Məmmədov və t.e.n A.M.Kərimov dəvət olunmuşlar. Bu illərdə ilk dəfə Azərbaycan Tibb İnstitutu tərəfindən klinik ordinaturaya 5 yer ayrılaraq, institutu yenicə bitirmiş 5 nəfər qəbul edilir.
1982-ci ildə neyrocərrah M.R.Məcidov Moskva şəhərində Burdenko ET neyrocərrahlıq instituna məqsədli aspiranturaya göndərilmiş, 1985-ci ildə tibb elmləri namizədliyi müdafiə edərək respublikamıza qayıtmışdır.
Neyrocərrahlıq klinik təbabətin gənc sahələrindən biri olub, mərkəzi və periferik sinir sisteminin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə birinci növbədə baş beyinin, onurğa beyinin şişləri, travmatik zədələnmələri, periferik sinirlərin zədələnməsi, onurğa sütununun degenrativ xəstəlikləri,mərkəzi sinir sisteminin anadangəlmə qüsurları, mərkəzi sinir sisteminin damar patalogiyaları, iltihabı və parazitar xəstəlikləri, osteoxandrozlar aiddir. Müasir neyrocərrahlıq eyni zamanda baş beyin anevrizma və insultlarının, epilepsiyasının və müxtəlif mənşəli ağrıların aradan qaldırılması üçün müvafiq əməliyyatlarla da məşğul olur.
Hal-hazırda kafedrada 1 professor, 2 dosen, 6 assistent, 1 baş laborant çalışır.