Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Psixiatriya kafedrası
Menular

Azərbaycanda ixtisaslı tibb kadrlarının hazırlanmasına ilk dəfə 1919-cu ildə başlanılmışdır. Azərbaycan Demokratik Respublikasının parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakı Dövlət Universitetinin təsis olunması barədə qərar qəbul edilmişdir.  Universitetin ilk rektoru məşhur cərrah professor İvan İvanoviç Şirokoqorov olmuşdur. 1920-ci ildə   tanınmış nevroloq, professor (gələcəkdə  SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü) Sergey Nikolayeviç Davidenkov Bakı Dövlət Universitetinin rektoru təyin olunmuşdur.  Həmin ildə S.N Davidenkov universitetin tibb fakultəsinin tərkibində sinir və psixi xəstəliklər kafedrası yaratmış və ali məktəbin rektoru olmaqla yanaşı 1923-cü ilədək həmin kafedraya rəhbərlik etmişdir. Azərbaycanda işlədiyi dövrdə S.N. Davidenkov 20-ci illərin əvvəllərində bizim regionda  yayılmış epidemik ensefalitin ağır formasının öyrənilməsində və onun qarşısının alınmasında  böyük işlər görmüşdür. Bakı Dövlət Universitetinin 6 noyabr 1920-ci ildə keçirilmiş konfransında sinir-psixi xəstəlikləri kafedrasında Davidenkovun rəhbərliyi altında ni aparılan tədqiqatların nəticələri təqdim edilmişdir. Həmin konfransda S.N. Davidenkovun “İnfeksion mənşəli ekstrapiramid sindrom” mövzusunda çıxışı olmuşdur. 1922-ci ildə Davidenkov və həmkarları histoloji tədqiqatlar nəticəsində ilk dəfə olaraq o dövrdə dünya elminə hələ məlum epidemik ensefalit zamanı orta beynin qara maddəsində patoloji dəyişikliklər aşkar etmişdilər. S.N. Davidenkov kadrların hazırlanmasına da xeyli əmək sərf etmişdir. Onun məşhur tələbələri  Azərbaycanda nevrologiya və psixiatyriya sahələrində görkəmli mütəxəssislər olmuşlar. 1925-ci ildə psixonevrologiya kafedrasından psixiatriya kafedrası ayrılmış və müstəqil elmi-pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Həmin ildə Moskva şəhərinə dəvət alan S.N Davidenkovu gənc dosent (sonradan professor)  Aleksandr Avqustoviç Perelman əvəz etdi.  İsveçrənin Lozanna Univesitetinin məzunu olan  Aleksandr Avqustoviç Perelman 1921-ci ildə Bakı Dövlət Universitetində işləməyə başlamışdır. A.A.Perelman kafedra müdiri olduğu dövrdə böyük pedaqoji və elmi fəaliyyət təşkil olunmuş, kafedranın nəzdində kitabxana, psixoloji labaratoriya yaradılmışdı. Bakı Dövlət Universiteti tərəfindən A.A.Perelman 1925-ci ilin iyul-avqust aylarında Parisdə keçirilən Beynəlxalq nevrologiya qurultayına ezam edilmişdir. Kafedrada psixotik pozuntuların tədqiqi və müalicəsi ilə yanaşı ilk dəfə klinik psixologiyanın da öyrənilməsinə başlanınmışdır. Məhz bu dövrdə psixiatriyanın psixologiya və pedoqogika sahələri ilə sıx əməkdaşlığının əsası qoulmuşdur.. A.A.Perelman bütün elmi fəaliyəti ərzində psixologiya məsələləri ilə də maraqlanmış, Azərbaycan Dövlət Universitetinin  tibb fakultəsində və Bakı Xalq Təhsili İnstitutunda psixologiya kursu üzrə mühaziələr oxumuşdur. Psixiatriya kafedrasının təşəbbüsü ilə Azərbaycan Dövlət Universitetində “Uşaqların psixoloji müayinə metodları” adlı xüsusi kurslar təşkil olunmuşdur. Bakı Xalq Təhsili Şöbəsinin psixoloji labaratoriyasında psixiatriya kafedrasının əməkdaşları məsləhətçi kimi fəaliyyət göstərmişlər. 9 may 1930-cu ildə Bakı Dövlət Universitetinin əsasında müstəqil tibb institutu təsis edildi. Tibb İnstitutunun  tərkibində  psixiatriya kafedrasının fəaliyyətində yeni nailiyyətlər əldə etdi. 1932-ci ildə psixiatriya kafedrasında aspirantura yaradıldı və ilk dəfə iki gənc azərbaycanlı qadın həkim S.X.Baratzadə və B.X Əliyeva həmin aspiranturaya qəbul edildi. 1933-cü ildə ildə psixiatriya  kafedrasının assistenti A.S.Əsgərov Azərbaycan dilində psixiatriya üzrə ilk tədris vəsaitini nəşr etdirdi. Təəssüf ki, nailiyyatlərlə yanaşı kafedranın tarixində kədərli hadisələr də baş verirdi. SSRİ –nin hər yerində tüğyan edən siyasi repressiyalar Azərbaycandan da yan keçməmişdi. Repressiya qurbanları olmuş ziyalılar arasında psixiatriya kafedrasının əməkdaşları da var idi. Belə ki,  1933-cü ildə görkəmli alim A.A.Perelmanın xarici dövlətlərin alim-həmkarları ilə elmi mövzularda yazışmaları Daxili İşlər Xaql Komissarlığı tərəfindən cinayət işi başlanmasına səbəb oldu və  nəticədə A.A.Perelman Tomsk şəhərinə sürgün edildi. Psixiatriya kafedrasının müdiri vəzifəsinə  təyin olunmuş dosent Zaxar İsaakoviç İzrailoviç də öz sələfi kimi repressiyanın qurbanı oldu və 1936-cı ildə 5 il müddətinə azadlıqdan məhrum edildi. Bir müddət sonra kafedranın assistenti Fuad İbrahimbəyov həbs edilərək İslah-Əmək Düşərgəsinə göndərildi. Uzun illərdən sonra bəraət alan  F.Ə.İbrahimbəyov psixiatriya və psixologiya sahələrində səmərəli fəaliyyətini davam etdirmişdir. 1936-1939-cu illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasına Pyotr Mixayloviç Zinovyev rəhbərlik etmişdir. Əvvəllər Moskva Dövlət Universitetinin psixiatriya kafedrasında və kafedranın nəzdindəki klinikada P.V.Qannuşkinin bilavasitə rəhbərliyi altında calışmış, klinisist psixiatr kimi kifayət qədər təcrübəyə  malik professor Pyotr Mixayloviç Zinovyev kafedramıza rəhbərlik etdiyi qısa müddət ərzində bir sıra mühüm işlər görülmüşdür. Həmin dövrdə kafedraya yerli mütəxəssislər cəlb olunmuş, tədrisin Azərbaycan dilində aparılmasına xüsusi diqqət yetirilmişdir. Məhz bu dövrdə F.Ə. İbrahimbəyov və Ə.S.Əsgərov ilk dəfə olaraq Azərbaycan dilində psixiatriya terminlərinin qısa lüğətini tərtib etmişlər.  30-cu illərin sonlarında psixiatriya kafedrasının aparıcı əməkdaşlarının təşəbbüsü ilə respublikanın psixonevroloji müəssisələrində yeni terapiya metodları tətbiq olunmağa başladı.

Psixiatriya kafedrasının fəaliyyətindən danışarkən Azərbaycanda psixiatriya elminin inkişafinda və ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan Moskva psixiatriya məktəbinin yetirməsi P.V. Qannnuşkinin tələbəsi professor Dmitri Sergeyeviç Ozeretskovskini xüsusi qeyd etməliyik.1939-cu ildə Bakıya, Azərbaycan Dövlət Tibb İnstitutunun psixiatriya kafedrasına dəvət olunan D.S.Ozeretskovski sonrakı 20 il ərzində  həmin kafedraya rəhbərlik etmişdir. D.S.Ozeretskovskinin  geniş ictimai və elmi fəaliyyəti Azərbaycanda psixiatriyanın gələcək inkişafına zəmin yaratdı. Həmin dövrdə psixiatriya kafedrasının tədris-metodik və elmi fəaliyyətini yenidən qurulmuş dövrünün tələblərinə cavab verən pedaqoji sistem yaratmışdı. Dmitri Sergeyeviçin rəhbərliyi altında 3 doktorluq, 5 namizədlik dissertasıyası müdafiə olunmuşdur. D.S.Ozeretskovskinin elmi fəaliyyəti geniş spektrli məsələləri əhatə edirdi. Professor D.S.Ozeretskovski iyirminci əsrin 30-50-ci illərdə Azərbaycanda geniş yayılmış malyariya zamanı yaranan psixozlara bir neçə elmi iş həsr etmişdi.  1959-cu ildə  D.S.Ozeretskovski  Leninqrada işləməyə dəvət olunur və sonradan İ.P.Pavlov adına Leninqrad Tibb İnstitutunun psixiatriya kafedrasına rəhbərlik edir. Qeyd etmək lazımdır ki, D.S.Ozeretskovski  respublikanı tərk etdikdən sonra da Azərbaycan psixiatrları ilə ünsiyyət saxlamış, 1996-cı ilədək əlaqələrini davam etdirmişdir.

D.S.Ozeretskovskidən sonra  kafedra müdiri vəzifəsinin icrası  onun tələbəsi Əhməd Əlibaba oğlu Abasquliyevin öhdəsinə düşmüşdür. Qeyd etmək lazımdır ki, Ə.Ə.Abasquliyev psixiatriya ixtisası üzrə doktorluq dissertasıyası müdafiə etmiş ilk azərbaycanlı olmuşdur. Həmşinin Ə.Ə.Abasquliyev kafedranın öz  yetirməsi olan ilk müdiri idi.

Professor Ə.Ə.Abasquliyevin kafedra müdiri olduğu dövrdə çoxsaylı elmi işlər hazırlanmış,  yüzlərlə məqalələr dərc olunmuş, ümumittifaq və beynəlxalq konfranslar təşkil olunmuşdur. Ə.Ə.Abasquliyev şizofreniyanın klinika və patogenezinə, psixiatriya xidmətinin təşkilinə, məhkəmə psixiatriyası məsələlərinə və digər mövzulara aid 160-dan çox elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Ə.Ə.Abasquliyev uzun müddət S.S.Korsakov adına “Nevropatologiya və Psixiatriya Jurnalının” redaksiya şurasının üzvü olmuşdur. Əhməd Abasquliyevin psixiatriya kafedrasına rəhbərlik etdiyi dövrdə kafedranın yerləşdiyi bina genişləndirildi, yeni şöbələr, o cümlədən stasionar məhkəmə-psixixiatrik ekspertizası şöbəsi yaradıldı, kafedranın nəzdində immunobioloji və psixoloji laboratoriyalar, elektrofizioloji kabinet təşkil olundu.1960-1970-ci illərdə Ə.Ə Abasquliyevlə yanaşı kafedrada müxtəlif vaxtlarda professorlar Xamis Hüseyn oğlu Həsənov və Miron İosifoviç Fel də fəaliyyət göstərmişlər. Həmin dövrdə kafedranın əməkdaşlarının tədqiqatları bir neçə əsas istiqamətlərə yönəlmşdi. Bunlara şizofreniyanın klinikası, immunogenezi, populyasion genetikası sahəsində araşdırmalar, həşiş narkomaniyasının və alkoqolizmin müxtəlif aspektlərinin öyrənilməsi, həmçinin seksopatoloji problemlər  sahəsində tədqiqatlar aid idi. Elmi tədqiqatların genişləndirilməsi və dərinləşdirilməsində çox mühüm addım kafedrada immunobioloji problem laboratoriyanın açılması olmuşdur. Labaratoriyanın fəaliyyətə başlamasında faal iştirak etmiş professor Nadir İsmayılovun əvəzsiz xidmətləri xüsusi qeyd olunmalıdır. İmmunogenetika və populyasion genetika sahələrində qazanılnış uğurlu nəticələr nəzərə alınaraq “İnsan biologiyası” Beynəlxalq Elmi Assosiasiyası 1976-cı ildə Ə. A. Abasquliyevi bu qurumun mərkəzi şürasının üzvü, 1992-ci ildə isə icraiyyə komitəsinin üzvü seçmişdir. 1960-cı ildən başlayaraq Azərbaycan SSR-in müxtəlif şəhərlərində (Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda) respublika elmi forumları, respublika elmi konfransları, 2 respublika qurultayı keçirilmişdir. 1960-cı ildən 1997-ci ilədək prof.Ə.Abasquliyevin məsul redaktorluğu altında 16 cildlik “Psixonevrologiya məsələləri” elmi toplusu nəşr edilmışdir. Psixiatriya kafedrasının aparıcı əməkdaşları nevropatoloqların və psixiatrların ümumittifaq qurultaylarında fəal iştirak etmiş, məruzələrlə çıxış etmişlər. 1980-ci ildə Azərbaycan Nevropatoloqlar və Psixiatrlar Elmi Cəmiyyətinin əsasında Azərbaycan Psixiatriya Assosiasiyasının yaradılması əlamətdar hadisə oldu.1997-ci ildə Madrid şəhərində keçirilən Ümudünya Psixiatrlar Konqresində Ümumdünya Psixiatrlar Assosiasiyasının baş assambleyanın iclasında Azərbaycan Psixiatriya Assosiasiyası bu quruma üzv seçildi. Ə.A.Abasquliyevin kafedra müdiri olduğu 30 ildən artıq müddətdə 3 doktorluq, 12 namizədlik dissertasiyası müdafiə olunmuş,160-dan çox elmi məqalə dərc olunmuş, 4 monoqrqfiya çap edilmişdir. Əhməd Abbasquliyevdən sonra onun işini professor Ağabəy Haşım oğlu Sutanov davam etdirmişdir. A.H.Sultanov 1990-cı ildən ömrünün sonunadək (2007-ci ildək) Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Bütün bu dövr ərzində Ağabəy Sultanov tibb kadrlarının hazırlanması, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, tibb elminin inkişafı sahələrində göstərdiyi səylərinə görə dərin hörmət qazanmışdır. A.H.Sultanov  4 dərslik və monoqrafiyanın, psixiatriyanın müxtəlif problemlərinə həsr olunmuş 300-ə yaxın elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. A.H.Sultanov bir sıra namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri olub. Ağabəy Sultanov həmçinin respublikamızın ictimai həyatında fəal iştirak etmiş, əhali arasında tibbi biliklərin yayılmasında səmərəli fəaliyyət göstərməklə geniş maarifləndirmə işi aparmışdır. Keçid dövrünə xas olan çətinliklərin insanlara mənəvi-psixoloji təsiri həmişə humanist alimin diqqət mərkəzində olmuşdur.Həqiqi alicənablıq daşıyıcısı olan  Ağabəy Sultanovun istər mətbuatda,  istər müxtəlif telekanallarda cəmiyyəti maraqlandıran mövzularda çıxışları həmişə böyük marağa səbəb olub. Həmin dövrdə kafedranın əməkdaşları beynəlxalq əlaqələri genişləndirmiş, müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak etmişlər.  Psixiatriya kafedrasında bir neçə xarici dövlətdən (Türkiyə,Yəmən,İran)  olan mütəxəssislərin elmi fəaliyyətinə də yardım göstərilmişdir. 2001-ci ildə “Psixiatriya yardımı haqqında”, 2002-ci ildə isə  “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul olundu. Həmin qanunların layihələrinin hazırlanmasında, Milli Məclisdə aparılan müzakirələrdə kafedranın aparıcı mütəxəssisləri fəal iştirak etmişlər.

2007-ci ildə Ağabəy Sultanov vəfat etdikdən sonra kafedraya rəhbərlik şərəfinəlayiq görülmüşəm. Kafedraya rəhbərlik etdiyim dövr ərzində əməkdaşların daimi dəstəyinə arxalanaraq əvvəlki rəhbərlərimizin ənənələrini  davam etdirməyə çalışmışam.

Psixiatriya kafedrası hər bir zaman öz fəaliyyətini günün tələblərinə uyğun qurmağa yönəltmişdir. “Psixi və fiziki sağlamlığın qarşılıqlı əlaqələrinin öyrənilməsi” aktual mövzu kimi kafedranın əsas fəaliyyət istiqamətlərindən biri  olmuşdur. 2015-2019-cu illərdə Respublikmızda ilk dəfə olaraq, sübutlu təbabətin prinsiplərinə əsaslanan müxtəlif komorbid patologiyalar sahəsində tədqiqatlar həyata keçirilmişdir. Hələ 2012-ci ildə ölkəmizdə səfərdə olan dünya psixiatriya sahəsinin liderlərindən biri olan Norman Sartorius bu növ tədqiqatın Azərbaycanda keçirilməsi zəruriliyini qeyd etmişdi. Tədqiqatın həyata keçirilməsi ən geniş yayılmış psixi pozuntuların etiopatogenezində, klinik mənzərəsində və nəticələrində konkret bioloji, psixoloji və sosial faktorların iştirakına dair biliklərin genişlənməsinə imkan vermişdir. Verilmiş material əsasında 106 məqalə, 2 dərslik, 4 monoqrafiya, 4 tədris vəsaiti və 1 klinik protokol hazırlanmışdır. Tədqiqatın nəticələri Bakı şəhəində, eyni zamanda da respublikamızın regionlarında yerləşən psixiatrik müəssisələrinin iş praktikasına daxil  edilmişdir. Tədqiqatın nəticələri Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına daxil edilmiş və həmçinin 21 beynəlxalq və 11 milli forum və konqreslərdə təqdim olunmuşdur. Bundan əlavə üç namizədlik dissertasiyası müdafiə üçün hazırlanmışdır.    Azərbaycanda ilk dəfə olaraq psixi pozuntulardan əziyyət çəkən insanlarda fiziki sağlamlıq göstəriciləri tədqiq edilmiş, sübutlu təbabətin prinsiplərinə əsaslanan ürək - damar, onkoloji, endokrin və bir çox digər somatik xəstəliklər zamanı müşahidə edilən psixi pozuntuların sistematik tədqiqatı aparılmışdır. Ən önəmli yenilik Çikaqo Universiteti ilə birgə uşaqlar və yeniyetmələrin psixi sağlamlığı sahəsində aparılmış elmi layihə olmuşdur. İlk dəfə ölkəmizdə uşaqlar və yeniyetmələrin psixi sağlamlığı qiymətləndirmə alətləri uyğunlaşdırılıb və standartlaşdırılmışdır. Avropa  regionundakı ÜST-nin layihəsi çərçivəsində Azərbaycanda psixiatriya staionarlarında müalicə alan və psixi pozuntudan əziyyət çəkən yetkin şəxslərlə göstərilən xidmətlərinin effektliliyi qiymətləndirilmişdir.

Hamıya məlumdur ki, XX əsrin sonu XXI əsrin əvvəllərində dünyada narkomaniyanın yayılması cəmiyyət üçün mərkəzi problemlərin birinə çevrilmişdir. Bu səbəbdən narkologiya problemləri daim  psixiatriya kafedrasının diqqət mərkəzində olmuşdur.  Kafedramızda əhalinin müxtəlif qruplarında narkotik vasitələrə aludəlik probleminin epidemioloji aspektlərini birləşdirən tədqiqatlar aparılmışdır.

Kafedranın əməkdaşları bir sıra vacib sənədlərin və layihələrin hazırlanmasında iştirak ediblər. Onlardan ən önəmlisi “Psixoloji yardım haqqında qanun” layihəsinin hazırlanıb Milli Məclisə təqdim edilməsi olmuşdur. 07 dekabr 2018-ci ildə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

    Son 5 ildə ATU-nun psixiatriya kafedrasında aparılan tədqiqatın gedişinə təsir göstərmiş iki hadisəni vurğulamaq mütləqdir. Bunlardan biri COVID-19 pandemiyası, digəri “44 günlük müharibə” adı altında tarixə daxil olmuş Azərbaycanın ərazi bütovlüyü uğrunda apardığı İkinci Qarabağ Müharibəsi olmuşdur. Təbiidir ki, hər iki hadisə psixiatriya kafedrasının elmi fəaliyyətində müəyyən dəyişikliklərə səbəb oldu.

Məlum olduğu kimi COVID-19 pandemiyası dünya miqyasında təsir edərək əhalinin somatik sağlamlığını pozması ilə yanaşı psixi vəziyyətinə də ciddi təsir göstərmişdi.

Kafedramızda ilk dəfə olaraq COVD-19 pandemiyası zamanı rast gəlinən psixi pozuntular araşdırılıb, alınan nəticələrə əsasən rəsmi sənədlər, klinik protokollar və yardım proqramları işlənib hazırlanmışdır. COVID-19 pandemiyası zamanı psixi sağlamlıq vəziyyəti ilə bağlı unikal məlumatlar əldə edilmişdir. Psixi sağlamlıq problemlərinə təkcə xəstələrin özlərində deyil, həm də onlara yardım göstərən mütəxəssislər, onların yaxınları, habelə karantində olanlar arasında da baxılmışdır.

2020-ci ilin 27 sentyabrından 10 noyabradək 44 gün davam edən və işğal olunmuş ərazilərin tam azad olunması ilə nəticələnən İkinci Qarabağ Müharibəsi Azərbaycan xalqının taleyində mühüm rol oyamışdır. Müharibənin bitməsindən dərhal sonra veteranlara, şəhid ailə üzvlərinə və erməni terrorundan əziyyət çəkənlərə yardımla bağlı kəskin tələbat yarandı. Psixiatrların və psixoloqların qarşısında  İkinci Qarabağ Müharibəsi veteranlarında psixi pozuntuların öyrənilməsi və yardımın təşkil olunması məqsədləri dururdu.

Kafedra aparılmış araşdırmaların nəticəsi olaraq İkinci Qarabağ Müharibəsinin veteranlarına yardımın mərhələli şəkildə təşkil olunması  təklif edilmişdir. Bilavasitə hərbi əməliyyatlar zamanı yaranmış və onlar bitdikdən dərhal sonra başlayan ilkin mərhələdə təcili psixoloji yardım məsələsi həll edilmış, ikinci mərhələdə dövlət qərarına müvafiq olaraq qazilər üçün psixoloji yardım mərkəzləri yaradılmışdı. Nəhayət üçüncü mərhələdə uzunmüddətli müalicə, reabilitasiya və psixososial dəstək məsələləri nəzərdə tutulmuşdu. 2022 - 2024-cü illər ərzində yerli mütəxəssislərə psixoterapiyanın ən müasir növlərini tədris etmək məqsədilə genişmiqyaslı işlər görüldü.

İkinci Qarabağ müharibəsi zamanı  zərər çəkmiş və uzun müddət davam edən psixi pozuntusu olan şəxslərin diaqnostikasının və müalicəsinin optimallaşdırılması məqsədilə Posttravmatik Stres Pozuntusu (PTSP) hallarına dair 2 müasir terapiya növü - Koqnitiv İşlənmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET) ölkəmizdə tətbiq edildi. Bu məqsədlə ABŞ Müharibə Veteranları Nazirliyinin PTSP sahəsində ən qabaqcıl tədqiqatçıları ilə əlaqə qurulmuş, ən son psixoterapevtik müalicə üsulları - KİT və YET- seçilmışdir. Amerikalı mütəxəssislərdən ibarət təlimçilər qrupu tərəfindən psixoterapiya aparılmışdı. Proqrama əsasən iştirakçılar superviziyalarda iştrak etmiş və pasiyentlərlə terapiya təşkil etmişlər. Terapiya aparan zaman hər bir psixoloq  amerikalı professorların nəzarəti altında seanslarını davam etdirmişlər. Sonradan hər iki terapiyanın effektivliyinin qiymətləndirilməsi aparılmıdır. 16 Oktyabr 2024-cü il tarixində bu layihə ilə bağlı yekun konfrans keçirilmişdir. Qazilərə effektli, kompleks yardım sisteminin yaradılması üzərində iş bu günədək davam edir. 2019-2024-ci illərdə göstərilən ən önəmli iki istiqamətdən başqa digər aktul məsələlər də diqqət mərkəzində olmuşdur. Psixi və davranış pozuntularının Beynəlxalq Təsnifatının 11-ci baxışının gözlənilən tətbiqilə bağlı  yeni bölmələrə aid araşdırılmalar aparılmışdır. Səhiyyə Nazirliyinin əmrinə əsasən 7 klinik protokol yenilənmişdir. Dörd il ərzində Psixiatriya kafedrasının əməkdaşları Çikaqo Universiteti ilə birgə “Uğursuz ailələrdən  olan uşaqlara və yeniyetmələrə psixi sağlamlıq sahəsində müasir yardım göstərilməsi” layihəsində iştirak etmişlər. Psixiatriya kafedrasının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik meyarlarının və Nazirlər Kabinetində  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilməsi üçün fəal iştirak etmişdir. Tədqiqatın nəticələri posttravmatik stress, sosial psixiatriya, uşaq və yeniyetmə psixiatriyasında, psixoterapiya, klinik psixologiya və səhiyyənin təşkilində  istifadə olunmuşdur. Təkcə son beş ildə tədqiq olunmuş materiallar əsasında 116 məqalə, 3 dərslik, 3 monoqrafiya, 4 tədris vəsaiti və 7 klinik protokol hazırlanmışdır. Tədqiqatın nəticələri respublikanın psixiatrik müəssisələrinin iş praktikasına daxil  edilmişdir. Tədqiqatın nəticələri ÜST-ün müxtəlif hesabatlarına daxil edilmiş və həmçinin 23 beynəlxalq və 7 milli forum və konqreslərdə təqdim olunmuşdur. Həmçinin kafedranın əməkdaşları Avropa Neyropsixofarmakalogiya jurnalında geniş tədqiqat materialları əsasında məqalə dərc etmişlər. Bundan əlavə 4 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə olunub.

Qeyd etmək vacibdir ki, psixi pozuntuların sosial əhəmiyyətinın öyrənilməsi beynəlxalq əməkdaşlıq üçün böyük perspektivlər açır.

Professorlar D.S.Ozeretskovski, Ə.Ə. Abasquliyev, A.H.Sultanovun işləri ilə əsası qoyulmuş Azərbaycan psixiatriya məktəbinin ənənələrini bu gün onların tələbələri və yetirmələri davam etdirirlər.