Kafedra müdiri - t.ü.f.d. dosent Fəridə Əli
Qidalanma gigiyenası və kommunal gigiyena kafedralarının hər ikisi 1942-ci ildə təşkil edilmiş və 1987-ci ilə qədər sərbəst fəaliyyət göstərmişdir. 1987-ci ildə kafedralar birləşdirilmişdir. 2021-ci ilin aprel ayından etibarən kafedranın adı dəyişdirilərək “Qidalanma və tibbi ekologiya” adlandırılmışdır.
Kafedrada İctimai səhiyyə fakültəsinin "İctimai səhiyyə" ixtisası üzrə təhsil alan II-IV kurs, "Fizioterapiya və tibbi reabilitasiya" ixtisası üzrə təhsil alan III kurs, "Tibb bacısı işi" ixtisası üzrə təhsil alan III kurs, "Tibbi-profilaktika" ixtisası üzrə təhsil alan V-VI kurs tələbələrinə gigiyena və ictimai ekologiya, qidalanma gigiyenası, kommunal gigiyena, radiasiya gigiyena və dietoloyiya fənnləri (19) tədris olunur. Müalicə-profilaktika I və II fakültələrinin "Tibb" ixtisası üzrə təhsil alan II kurs tələbələrinə təhsil proqramına müvafiq olaraq qidalanma gigiyenası fənni tədris olunur. Həmçinin kafedrada Səhiyyə Menecmenti ixtisası üzrə I kurs magistrləri də təhsil alırlar.
Kafedranın akademik personalı 1 professor (məsləhətçi), 6 dosent (2 nəfər 0,5 ştat vahidi), 3 baş müəllim və 2 assistentdən (1 nəfər 0,25 ştat vahidi) ibarətdir.
Kommunal gigiyena kafedrasının ilk müdiri professor D.I. Koqan (1942-1944) olmuşdur. Müxtəlif illərdə kafedraya dosent C.R. Nuriyev (1944-1968), dosent L.M. Tağızadə (1968-1980), dosent A.K. Kərimov (1980-1986) və professor B.S. Kiçibəyov (1986-1987) rəhbərlik etmişlər.
Kommunal gigiyena kafedrasında o dövrlərdə Respublikanın yaşayış məntəqələrinin su təchizatının gigiyenik qiymətləndirilməsi, Mingəçevir və Ceyranbatan su hövzələrinin sanitariya mühafizəsi, kənd yaşayış məntəqələrinin baş planının işlənməsi, atmosfer havasının çirklənməsi, ona nəzarət üsulları və b. istiqamətlərdə elmi-tədqiqat işləri aparılmışdır.
5 namizədlik dissertasiyası müdafiə edilmiş, 20-dən artıq məqalə və tövsiyyələr çap olunmuşdur. Həmin dövrlərdə kafedrada tədrisin təkmilləşdirilməsi, tədris prosesinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir.
Qidalanma gigiyenası kafedrasına yarandığı ilk illərdə (1942-1946) ümumi gigiyena kafedrasının müdiri professor M.M. Əfəndizadə, sonra (1946-950) kommunal gigiyena kafedrasının müdiri dosent C.R. Nuriyev (hər ikisi əvəzçilik üzrə) rəhbərlik etmişlər. Sonrakı illərdə kafedraya dosent Ə.H. Abdulov (1950-1963), professor Ə.M. Məmmədov (1964-1965 əvəzçilik üzrə), dosent N.C. Bağırov (1965-1978), professor M.H. Kərimova rəhbərlik etmişlər.
1950-ci ildən dosent Ə.H. Abdulovun rəhbərliyi altında kafedrada tədris işinin təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Kafedra əməkdaşlarının 20 elmi məqaləsi və qida gigiyenasına dair yaddaş kitabçası çar edilmişdir. 1964-cü ildən (dosent N.C.Bağırovun rəhbərliyi dövründə) kafedrada tədris işlərin ilə bərabər, elmi-tədqiqat işlərinin keyfiyyətinə də diqqət artırılmışdır.
Kafedranın elmi fəaliyyətinin əsas istiqamətlərini neft qazmaçılarının qidalanmasının səmərələşdirilməsi, məktəbəqədər uşaq müəssisələrində qidalanmanın öyrənilməsi, yeyinti sənayesində tətbiq edilən poliamid qətranının gigiyenik və toksikoloji səciyyələndirilməsi, əhalinin qidasının mikroelement tərkibinin öyrənilməsi və s. məsələlər təşkil etmişdir.
Kafedra əməkdaşlarının 80-ə yaxın elmi məqaləsi, qida gigiyenasına dair yaddaş kitabçası, «Qidalanma gigiyenasından praktik məşğələlərə rəhbərlik», «Azərbaycan müalicə kulinariyası», tələbələr üçün tədris vəsaitləri və 2 metodik tövsiyə çap edilmiş, 1 ixtiraya müəlliflik şəhadətnaməsi alınmışdır. 1 doktorluq (M.H. Kərimova, 1975-ci ildə) və 3 namizədlik dissertasiyası müdafiə edilmişdir.
1978-ci ildə Qidalanma gigiyenası kafedrasının müdiri vəzifəsinə professor M.H. Kərimova seçilmişdir. O, 1987-ci ildən 1999-cu ilə qədər iki kafedranın birləşdirilməsi yolu ilə yaradılan “Qidalanma və kommunal gigiyena” kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə kafedrada tədrisin keyfiyyətinin yüksəldilməsi, tədrisin müasir yanaşmalarına geniş yer verilmiş, azərbaycan dilində “Qida zəhərlənmələri və onlara qarşı profilaktik tədbirlər” adlı tədris vəsaiti (N.C. Bağırov, M.H. Kərimova), “Qida obyektlərində sanitariya-mikrobioloji nəzarət” adlı dərs vəsaiti (M.H. Kərimova, N.C. Bağırov ), “Mineral gübrələr, qida və yem əlavələri, çirkab sularının tətbiqi və onlardan istifadə olunmaqla əldə olunan yeyinti məhsullarının keyfiyyəti üzərində sanitar-gigiyenik nəzarət” adlı dərs vəsaiti (M.H. Kərimova, İ.R. Əhmədov) nəşr edilib tələbələrin ixtiyarına verilmiş, tədrislə bərabər elmi fəaliyyətin də vüsəti nəzərəçarpan dərəcədə yüksəlmişdir.
Həmin dövrdə kafedrada elmi-tədqiqat işlərinin əhatə dairəsi daha da genişləndirilmiş, elmi-tədqiqatların əksəriyyəti pestisidlərlə təmasda olan kənd təsərrüfatı əməkçilərinin qidalanması, vitamin problemi ilə əlaqədar (müxtəlif əhali qrupları üzrə qidalanmanın öyrənilməsi, onların rasionlarının vitaminlərlə zənginləşdirməsi) məsələləri, qidalanmanın səmərəliliyinin öyrənilməsi, «Stress və qidalanma» mövzularında elmi-tədqiqat işləri aparılmışdır.
Kafedralar birləşdikdən sonra, eləcə də tədris proqramında dəyişikliklə əlaqədar tədris proqramına yeni bölmə – «Dietologiya» kursu daxil edilmişdir. Bununla əlaqədar olaraq kafedranın əməkdaşları – M.H. Kərimova, I.R. Əhmədov, I.R. Ələsgərova, A.Q. Nəcəfova bu bölmə üzrə tədris prosesinin keyfiyyətini yüksəltmək və tələbələrin fənni mənimsəməsinə kömək etmək məqsədilə Azərbaycan və rus dilində «Dietologiya»ya dair dərs vəsaiti yazıb çap etdirmişlər. Eyni zamanda seminar məşğələləri üçün metodik vəsaitlər, tələbələrin biliyini yoxlamaq üçün proqramlaşdırılmış nəzarət vasitələri və situasion məsələlər tərtib edilmişdir.
Kafedrada «Şəhər və kənd əhalisinin, uşaq və yeniyetmələrin qidalanmasının səmərələşdirilməsi», «Əhalinin faktiki qidalanması və sağlamlıq vəziyyəti», «Bakı şəhəri atmosfer havasının fotooksidantlarla çirklənməsinin gigiyenik təsiri, çirklənmə mənbələrinin məktəbyaşlı uşaqların əmək qabiliyyətinə təsirinin sanitariya-gigiyena baxımından qiymətləndirilməsi» mövzularında kompleks elmi-tədqiqat işləri həyata keçirilmişdir. Bu işlər əsasında əməkdaşlardan 3 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 1 nəfər doktorluq dissertasiyasını başa çatdıraraq ixtisaslaşdırılmış şuraya təqdim etmişdir.
Tədqiqatlarını əsasən qidanın, o cümlədən milli Azərbaycan xörəklərinin bioloji dəyərinin öyrənilməsinə həsr edən M.H. Kərimovanın rəhbərliyi altında ümumi götürdükdə 9 namizədlik dissertasiyası müdafiə olunmuş, 2 doktorluq dissertasiyası işlənmişdir. Moskva şəhərinə köçməsi ilə əlaqədar 1999-cu ildə O, öz xahişi ilə kafedra müdiri vəzifəsindən azad edilmişdir.
Həmin vaxtdan 2021-ci ilain aprel ayına kimi kafedraya dosent I.R. Əhmədov rəhbərlik etmişdir. Bu dövrdə kafedrada tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqət daha da artırılmış, tədrisin texniki təchizatı gücləndirilmiş, mühazirə və məşğələlərdə multimedia sistemi, overxeyt kimi müasir sistemlər müvəffəqiyyətlə tətbiq edilmişdir.
2000-ci ildən etibarən kafedrada «Mikronutrient çatışmazlıqları ilə mübarizə» regional proqramı çərçivəsində «Azərbaycan Respublikası əhalisinin müxtəlif qrupları arasında alimentar patologiyaların inkişafında qidalanmanın rolu və müasir şəraitdə profilaktikası yolları» mövzusunda elmi-tədqiqat işi başa çatdırılıb.
«Müxtəlif əhali qrupları arasında yod defisiti səviyyəsinə duzun universal yodlaşdırılması proqramının tətbiqinin effektivliyinin qiymətləndirilməsi» mövzusunda elmi tədqiqat işi başa çatdırılıb.
Kafedra əməkdaşları daimi olaraq koordinator, ekpert və konsultantlar kimi bir çox beynəlxalq təşkilatlarla birlikdə: UNİCEF, AIB, WHO, WFP, GTZ və s. Milli səviyyədə Səhiyyə Nazirliyi xətti və UNİCEF-in dəstəyi ilə Qidalanma və mikronutrientlər çatışmazlığı problemi çərçivəsində «Yod çatışmazlığı xəstəlikləri», «A vitamin çatışmazlığı» və «Alimentar anemiya»nın profilaktikasına dair çox geniş tədbirlər həyata keçirirlər. Kafedra əməkdaşları müxtəlif sahələrin mütəxəssisləri: səhiyyə və təhsil işçiləri, ictimaiyyət nümayəndələri, GEM-lər, gömrük xidməti, sanitariya karantin xidməti işçiləri, duz və un istehsal müəssisələri işçiləri və laborator xidmətləri üçün müvafiq metodik vəsaitlər-treninq paketləri (12 vəsait) hazırlayaraq həmin qruplarla treninqlər keçirmiş və iştirakçıların həmin vəsaitlərlə təminatına imkan yaratmışlar.
Dos. I.R. Əhmədov tərəfindən Respublika Sanitariya-Epidemioloji xidməti üçün Yodlaşdırılmış xörək duzunun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət normativ sənədləri: «Duz istehsalı müəssisələri üçün sanitariya qaydaları», «Yodlaşdırılmış xörək duzunun monitorinqi», «Yodlaşdırılmış xörək duzunda yodun miqdarının təyin edilməsi üsulları» adlı metodik tövsiyyələr hazırlanmışdır. Müvafiq orqanların bu sahədə fəaliyyətini asanlaşdırmaq üçün hər 3 sənədi və yodlaşdırılmış duza aid bütün qanunvericilik və normativ sənədlərini özündə birləşdirən vahid sənəd «Yodlaşdırılmış duza dair sənədlər toplusu» adlı vəsait çap olunmuşdur. UNİCEF-in dəstəyi ilə Respublikanın bütün Gigiyena Epidemiologiya Mərkəzlərinin qidalanma gigiyenası şöbəsinin və laboratoriyalarının həkimləri ilə bu mövzuya dair treninqlər keçirilmiş və vəsait iştirakçılara paylanmışdır.
Kafedranın dosenti Q.M. Hacıyeva tərəfindən tələbələr üçün “Müalicə-profılaktik qidalanma” adlı tədrıs vəsaiti hazırlanmışdır (2005). Kafedranın bəzi əməkdaşları - dosent Q.S. Qəniyeva həmmüəllif kimi ingilis dilində “Gigiyena” tədris vəsaiti (2009) hazırlamışdır.
Son dövrdə kafedrada bir namizədlik dissertasiyası müdafiə edilmiş, bir doktorluq dissertasiyası başa çatdırılaraq AAK-a təqdim olunmuş və bir doktorluq işi də davam etdirilir.
Kafedranın professoru M.S. Qasımovun (bir neçəsində əməkdaşlarımızın həmmüəllifliyi ilə) son illərdə «Pəhriz xörəkləri. Azərbaycan mətbəxi» kitabı (1995), «Ümumi dietologiyanın əsasları» adlı dərs vəsaiti (1997), «Azərbaycan mətbəxində pəhriz», «Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz», «Диетическое питание в кулинарии» (2004), «Sağlam həyat tərzi uğrunda», «За здоровый образ жизни» (2005) kitabları, «Sosial təminat sistemində yoxsul, qoca və ahıl yaşlı adamların səmərəli və pəhriz qidalanmasının təşkili», «Məktəblilərin gigiyena və sağlamlıq üzrə biliyini artırmaq üçün», ”Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirmə texnologiyasının tibbi-gigiyenik cəhətləri” (2006), «Sahibkarlar üçün sanitariya və gigiyena qaydaları» (2009), “Əmək və əhalinin Sosial Təminat Nazirliyi sistemində az təminatlı, ahıl və qoca yaşlı adamların, əlillərin səmərəli və pəhriz qidalanmasının təşkili” (2015) adlı metodik tövsiyələri çap edilmişdir.
I.R. Əhmədov Səhiyyə Nazirliyi və Respublika Hökümətinin göstərişi ilə mütəmadi olaraq Azərbaycan Respublikası əhalisinin müxtəlif qrupları üçün qidalanma normaları və minimum istehlak səbəti məhsul toplusunun (ərzaq zənbili) işlənməsində iştirak etmişdir.
Kafedra əməkdaşları səhiyyə orqanları əməkdaşlarına daim təcrübi və konsultativ köməklik göstərir; sağlam qidalanma, düzgün həyat tərzi və digər gigiyenik məsələlərə dair mütəmadi olaraq əhalinin maariflənməsinə çalışırlar. Dosent I.R. Əhmədov, dosent Q.M. Hacıyeva müxtəlif televiziya kanallarında mütəmadi çıxışlar edirlər.
Kafedra əməkdaşları tərəfindən 500-dən çox elmi iş, o cümlədən 35-dan çox metodik tövsiyyələr çap edilmişdır.