13-15 noyabr tarixində BMT Malta Beynəlxalq Qocalma institutunun təşəbbüsü ilə Herontologiya və heriatriya üzrə beynəlxalq məktəb keçirilib. ATU-nun Tədris Terapevtik Klinikasının heriatriya şöbəsinin 15 həkimi bu seminarlarda aktiv iştirak ediblər və sertifikatla təltif olunublar.
Noyabrın 13-də AMEA-nın Əsas binasında baş tutan açılış mərasimində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək yeni məktəbin ölkədə herontologiya və heriatriya sahəsində yeni nailiyyətlərin əldə olunması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, məktəb müvafiq sahənin fundamental əsasları, qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri və onlara tibbi-sosial yardımın göstərilməsi ilə bağlı bilikləri aşılamağı nəzərdə tutur.
Sonra çıxış edənlər bu təhsil müəssisəsini herentologiya sahəsində çalışan təşkilatların nümayəndələrini bir araya gətirmək, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün səyləri birləşdirmək və mövcud problemləri müzakirə etmək baxımından yüksək qiymətləndiriblər. Məktəbin ölkə üçün faydalı nəticələr vərəcəyindən əminliklərini vurğulaıblar.
Qeyd edək ki, herontoloji tədqiqatlar son 10-15 ildə Azərbaycan elminin prioritet istiqamətlərdəndir. Hazırda AMEA-nın bir sıra institut və təşkilatları yerli və xarici tərəfdaşlarla birgə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə uzunömürlülüyün fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beş illik elmi-tədqiqat proqramı həyata keçirir.