
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşının apardığı elmi araşdırmanın nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edib. ATU Elmi Araşdırmalar Mərkəzinin Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənovun tədqiqatı “Journal of Structural Chemistry” jurnalında dərc olunub. “Web of Science” beynəlxalq indeksləşdirmə bazasına daxil olan, Q3 (quartile) səviyyəsinə və 1,4 impakt faktoruna malik bu nəşrdə yayımlanan məqalə tibbi kimya və yeni materialların araşdırılması sahəsində mühüm elmi nəticələri əks etdirir.
“Crystal Structure and Hirshfeld Surface Analysis and DFT Studies of 5-Iodobenzo[c][1,2,5] Selenadiazole” adlı məqalədə selen əsaslı yeni birləşmənin kristal quruluşu hərtərəfli tədqiq edilib. Araşdırma zamanı ilk dəfə selenin 5-yodobenzo[c][1,2,5]selendiazol birləşməsindən monokristallar yetişdirilib və onun quruluşu rentgen difraksiyası (XRD) və UV-Vis spektroskopiya üsulundan istifadə edilərək xarakterizə edilib.
Tədqiqat nəticəsində əldə olunan nəticələr tibbi kimya, biotexnologiya və yeni funksional materialların hazırlanması istiqamətlərində gələcək tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır. Belə fundamental araşdırmalar innovativ elmi yanaşmaların inkişafına, səhiyyə və əczaçılıq sahəsində yeni imkanların formalaşmasına xidmət edir.
ATU professorunun bu elmi nailiyyəti Azərbaycan elminin beynəlxalq elmi məkandakı mövqeyini daha da möhkəmləndirir və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində keyfiyyətli təhsil və elmi tədqiqatların təşviqi (SDG 4), innovasiya və elmi infrastrukturun inkişafı (SDG 9), eləcə də sağlamlıq və rifah naminə elmi həllərin yaradılması (SDG 3) istiqamətlərinə mühüm töhfə verir.