Türkiyənin Antalya şəhərində 61-ci Türkiyə Milli Pediatriya Konqresi keçirilib. 2008 nəfərin qatıldığı tədbirdə Azərbaycan Tibb Universitetini (ATU) I Uşaq xəstəlikləri kafedrasının ə.e.x., prof. Nəsib Quliyev, ass. Nigar Sədiyeva və həkim-rezident Aygül Şahbazova təmsil ediblər.
Konqresin açılış mərasimində Baş nazirin müavini, prof. Recep Akdağ, Türkiyə Milli Pediatriya Dərnəyinin baş katibi prof. Ənvər Həsənoğlu, İPAF rəhbəri prof. Errol Alden çıxış ediblər. Uşaq sağlamlığı və xəstəlikləri ilə bağlı aktual mövzuları, problemləri əhatə edən konfqres çərçivəsində panellər və kurslar da təşkil edilib.
N.Sədiyeva və A.Şahbazova “Diaqnozdan müalicəyə - uşaq infeksion xəstəlikləri” adlı kursda iştirak ediblər və “Pnevmoniya diaqnozu ilə müalicə alan uşaqlarda anemiya” mövzusunda poster məruzə ediblər. Professor N.Quliyev isə konqresdə uğurlu iştirakına görə Türkyə Milli Pediatriya Dərnəyinin fəxri üzvü adına layiq görülüb. Tədbirdə azərbaycanlı pediatrlar T.Şimşek, M.Hüseynova, S.Nağıyeva, A. Şıxemmədova və başqaları da iştirak ediblər.