Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan Tibb Universitetinin hazırlıq şöbəsinin dinləyiciləri ilə görüşüb.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov belə görüşlərin cənab səfir tərəfindən mütəmadi olaraq aparıldığını, bu il də türkiyəli tələbələrlə bir sıra görüşlərin planlaşdırıldığını deyib.
Səfir Erkan Özoral Azərbaycan Tibb Universitetində təhsilə yeni başlayan dinləyicələr qarşısında çıxış edərək, Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin olduğunu, təhsil sahəsinə xüsusi önəm verildiyini vurğulayıb: “Türkiyə-Azərbaycan əlaqələrinə baxdığınızda, təhsilin ən önəmli sahələrdən biri olduğunu görürsünüz. Çünki təhsil sadəcə bu günə deyil, eyni zamanda gələcəyə hesablanan bir sahədir. Sizlər bizim gələcəyimizsiniz. Türkiyənin, Azərbaycanın gələcəkdəki tibb sahəsi sizlərə əmanət olunur. Çox böyük bir qisminiz Azərbaycanda, Türkiyədə və yaxud dünyanın hər hansı bir ölkəsində çalışacaqsınız”.
Dünya çapında bütün sahələrdə olduğu kimi, tibb sahəsində də ciddi rəqabətin mövcudluğunu diqqətə çatdıran böyük elçi hazırlıq şöbəsinin dinləyicilərinə Türkiyədəki, Azərbaycandakı, həmçinin dünyadakı yaşıdları ilə rəqabətin başlanğıcında olduqlarını, bu rəqabətə tab gətirmək üçün yaxşı təhsil almalarının vacibliyini xatırladıb.
Görüş zamanı təhsilə yeni başlayan hazırlıq kursunun dinləyicilərini narahat edən suallar cavablandırılıb. Eyni zamanda müxtəlif problemlərlə bağlı fikir mübadiləsi aparılıb, bu problemlərin həlli yollarından danışılıb.
Qeyd edək ki, hazırda ATU-da hazırlıq kursunda 612 nəfər xarici tələbə təhsil alır. Bunlardan 223 nəfəri türkiyə vətəndaşıdır.