ATU-da Tədris-Cərrahiyyə Klinikası açıldı. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib
Dövlət başçısı rəmzi açılış lentini kəsəndən sonra bina ilə tanış olub. Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov dövlət başçısına klinika barədə məlumat verib. Bildirildi ki, tibb ocağının inşaat işləri "Azərinşaat Qranit" MMC tərəfindən həyata keçirilib. Ümumi ərazisi 45 min kvadratmetr olan klinikanın binası orijinal memarlıq üslubunda inşa edilib. 13 mərtəbəli binanın həyətində geniş abadlıq işləri görülüb.
500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikası Prezidentin sərəncamı əsasında inşa edilib. Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstəriləcək. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Tibb müəssisəsində müxtəlif cərrahi əməliyyatlar aparmaq da mümkün olacaq. Tibb ocağı ən müasir avadanlıqla təchiz olunub.
Klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaq.
Klinikada imtahan və kompüter zalları da müasir avadanlıqla təchiz edilib. Burada kursların və dövlət imtahanlarının keçirilməsi üçün kompüterlə təchiz olunmuş zallar da var.
Yüksək zövqlə inşa edilən binanın foyesində Heydər Əliyev guşəsi yaradılıb. Guşədə Ümummilli Liderin Azərbaycan səhiyyəsinin inkişafı və universitetin həyatında əvəzedilməz rolu barədə məlumat verilir. Binada həmçinin ictimai tədbirlərin keçirilməsi üçün xüsusi akustika və müasir multimedia sistemlərinin quraşdırıldığı 250 yerlik konfrans zalı da vardır. Ümumilikdə klinikada hər biri 100 nəfərlik olmaqla 9 mühazirə zalı, 50-dən çox praktik məşğələ üçün treninq otağı yaradılıb.
Azərbaycanın yeganə universitet klinikasının mərkəzi laboratoriyasında biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir. Laboratoriyada dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar var. Bu isə istənilən laborator müayinələri maksimum az vaxtda və dəqiq yerinə yetirməyə imkan verir. Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi "CLSI" standartlarına uyğun biokimyəvi və immunoloji analizlər aparılacaq. Pasiyentlər dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə klinikanın saytına daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.
Klinikanın üçüncü mərtəbəsində 20 çarpayılıq 5 reanimasiya zalı, 18 əməliyyatxana yaradılıb. Reanimasiya zallarında Avropa istehsalı olan çoxfunksiyalı elektrik yataqlar, mərkəzləşdirilmiş qaz sistemləri, monitorlar, süni tənəffüs cihazları quraşdırılıb.
Bu tibbi mərkəzdə tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası var. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB məkanında analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyantlar quraşdırılıb.
Klinikada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşüb. Dövlət başçısı Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında yeni klinikanın öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçildiyini qeyd edib. Azərbaycan Tibb Universitetinin böyük tarixi, ənənələri, gözəl bu günü, gözəl gələcəyi olduğunu vurğulayan prezident İlham Əliyev ATU ailəsini təbrik edib. ATU rektoru Əhliman Əmiraslanov belə bir klinikanın yaradılmasına görə universitetin professor-müəllim heyəti adından dövlət başçısına təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu gün Tibb Universiteti 83 illik şərəfli tarixinin ən yaddaqalan, bəlkə də o tarixə qızıl hərflərlə həkk oluna biləcək bir gününü yaşayır. Çünki bu klinika istər tədris, istər elmi, istər müalicə-profilaktika, müalicə-diaqnostika nöqteyi-nəzərindən son dərəcə geniş imkanlara malik olan, dünyanın bir çox universitetlərinin klinikaları ilə bir səviyyədə dayana biləcək bir klinikadır.
Sonra görüş iştirakçıları da prezidentə təşəkkürlərini çatdırıbdılar.