Bu günlərdə ATU-nun II müalicə-profilaktika fakültə dekanı ilə fakültə TEC-nin aktiv tələbələri ilə görüşü keçirilib. Görüşdə fakültə dekanı İsrail Məhərrəmbəyli, tələbə dekanı Məhərrəm Alimli, II müalicə-profilaktika fakültəsi TEC-in sədri Aidə Qasımova, koordinator Aqqul Məmmədzadə, IV Beynəlxalq Tibb Konqresinin koordinatorları Ramil Hüseynzadə və Orxan İsgəndərov iştrak ediblər.
Fakültənin dekanı, dosent İ.Məhərrəmbəyli tələbələrə IV Beynəlxalq Tibb Konqresindəki aktiv fəaliyyətlərinə görə öz təşəkkürünü bildirib. O, tələbələrin müxtəlif beynəlxalq tədbirlərdə yüksək nailiyyətlər əldə etməsini sevindirici hal kimi qiymətləndirdı. Dekan İ.Məhərrəmbəyli Dağıstan Dövlət Tibb Universitetində keçirilən Beynəlxalq Tibb Konqresində ATU-nu təmsil edən və uğurlu nəticə əldə etmiş tələbələr - Kamilə Qaraisalı, Ülvi Ələşrəfov və Sərxan Həsənliyə bir daha təşəkkür etdi.
Dekan İsrail Məhərrəmbəyli tələbələr arasında TEC-in təbliğinin vacib olduğunu da vurğuladı: “Tələbə Elmi Cəmiyyətinə daha çox tələbələrin cəlb olunması önəmlidir. Bu işdə sizin üzərinizə böyük bir iş düşür. TEC-in fəaliyyətinin aşağı kurslarda daha çox təbliğ olunması vacib şərtlərdən biridir. İnanıram ki, TEC-in gördüyü işlər tələblərin daha aktiv olmasına şərait yaradacaq”.
“Bu günün aktiv tələbəsi - sabahın qurucusudur” şüarının səsləndirildiyi tədbirdə Tələbə Elmi Cəmiyyətinin nümayəndələri gənclərə xitab edərək onları daha fəal olmağa çağırdılar. Rezident Ramil Hüseynzadə xüsusi nailiyyətləri olan, müsabiqələrdə yer tutan tələbələrə müxtəlif qiymətli hədiyyələrin verilməsini, gənclərin xarici ölkələrdə keçirilən konfranslara göndərilməsi təklif etdi. Tələbə-dekan Məhərrəm Alimli konfranslarda münsiflər heyətinin xüsusi komissiya tərəfindən seçilməsi və onların zəhmətlərinin qiymətlənməsinin vacib olduğunu vurğuladı. Tələbə Emil Tahirli sertifikatların xarici ölkələrdə daha rahat tanınması üçün sənədin üzərində ştrix-kodların olmasının çox önəmli olduğunu vurğuladı və bunun sertifikatların beynəlxalq əhəmiyyətini artıracağını söylədi. Tələbə Sevinc Vəliyeva TEC konfransında çıxış edəcək tələbələrin ilkin olaraq yoxlanılması üçün hər kafedranın özündə komissiyaların yaradılmasının zəruri olduğunu söylədi.
Bütün təkliflər dinlədildikdən sonra fakültə dekanı İsrail Məhərrəmbəyli təkliflərin dəyərləndiriləcəyinə bildirərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladı. İclasda həmçinin fakültə TEC-in qarşıdakı dövr üçün planları, hədəfləri, növbəti konqreslə bağlı fikir mübadiləsi aparıldı.