Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları 28-30 noyabr 2017-ci il tarixlərində kənd sakinləri arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirici iş aparmaq üçün Quba rayonunda olublar. Onlar əhali arasında tibbi maarifləndirmə işlərinin təşkili ilə bağlı rayonun bəzi kəndlərinin sakinləri ilə görüşüblər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya"nın icrası ilə bağlı keçirilən tədbir zamanı ATU-nun kafedra nümayəndələri həm rayon mərkəzində, həm də Dağlı və II Nügədi kəndlərinin orta məktəblərində, tibb müəssisələrində və iri təsərrüfatlarda olublar.
Onlar müəllim və şagirdlərlə, kəndlərin tibb personalı, kənd sakinləri ilə görüşərək qeyri-infeksion xəstəliklərin risk amilləri (piylənmə, hipertoniya, artıq bədən çəkisi, hiperxolesterinemiya, aşağı fiziki aktivlik və s.) haqqında məlumat veriblər.
Maarifləndirmə xarakterli görüş zamanı iştirakçılara buklet və yaddaş kitabçaları təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Səfərdə Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının doktorantı, t.ü.f.d, Quba Rayon Mərkəzi Xəstəxanasının həkimi Ə.Əliyev, assistentlər- t.ü.f.d. Y.H.Hacıyeva, A.C.Babayeva, A.Ə.Tağıyeva, A.H.Cəfərova, K.H.Həbibova, A.O.Bədəlova və doktorant İ.F.İslamzadə iştirak ediblər.