Azərbaycan Tibb Universitetində (ATU) bir sıra xəstəliklərdən əziyyət çəkən 21 yaşlı hamilə qadın üzərində əməliyyat uğurla icra edilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, qadın ilk dəfə klinikaya 2015-ci ildə müraciət edib. O, 14 yaşından (ilk aybaşıdan) başlayaraq, aybaşı gecikmələri (2-3 aydan bir), kişi tipli tüklənmə, saç tökülməsi, dərinin yağlanması, o cümlədən, çəki artıqlığı, halsızlıq, əzginlik, yorğunluq, yuxusuzluq, ağlağanlıq, əsəbilik, qəbizlikdən əziyyət çəkdiyini bildirib: “Qeyd edim ki, qadın 15 yaşında sağ yumurtalığın sistinə görə, 2015-ci ildə isə qalxanabənzər vəzinin çoxsaylı düyünlü uruna (zobuna) görə total strumektomiya (qalxanabənzər vəzinin çıxarılması) əməliyyatı olunub. Əməliyyatdan sonra hormonal müalicə alsa da, şikayətləri keçməyib. Xəstənin şikayətlərinə uyğun klinik-laborator, hormonal və instrumental müayinələr aparılıb. Analizlərin nəticələrini tədqiq edərkən, qanda tireoidstimuləedici hormon və prolaktinin həddən ziyadə yüksək olması, insulinrezistentlik, qonadotrop hormonların aşağı olması aşkar edilib. Qadın hipofizin MRT müayinəsinə göndərilib və hipofizin makroadenoması aşkar edilib (şişin ölçüsü 9x-14x-17mm)”.
Mama-ginekoloq deyir ki, neyrocərrah, oftalmoloqla məsləhətdən sonra qadına müalicə təyin edilib. 1 il sonra təkrar aparılan MRT müayinəsində makroadenoma aşkar edilməyib. Bu müddət ərzində qadının çəkisi azalıb, hormonal göstəricilər normallaşıb: “Qadının arzusunu nəzərə alaraq hamiləlik planlaşdırılıb. Histerosalpinqoqrafiyada ikitərəfli boru keçməməzliyi aşkar edilib, qadın infeksiyalara görə müayinə olunub və genital vərəmi istisna etmək üçün qadın ftiziatra göndərilib. Genital vərəm aşkar edildiyinə görə, müalicə təyin edilib. Müalicədən sonra qadında uşaqlıqdankənar boru hamiləliyi baş verdiyindən sağtərəfli tubektomiya əməliyyatı icra edilib”.
Həkimin sözlərinə görə, qadına yenidən müalicə təyin edilib, hormonal balans nizamlanıb, nəhayət, o, 2017-ci ilin mart ayinda hamilə qalıb: “Qadının keçirdiyi xəstəliklər hamiləliyin gedişinə təsirsiz ötüşməyib, hamiləlik 35-36-cı həftəsində dölün bətndaxili inkişaf ləngiməsi, Doppler göstəricilərinin dəyişməsinə görə kesar kəsiyi əməliyyatı ilə sonlandırılıb. Hamiləlik uğurla başa çatıb, ana və övladı kafi vəziyyətdə evə yazılıb”.