Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında professor-müəllim heyətinin iştirakı ilə Nevrologiya və tibbi genetika kafedrasının rezidentlərinin seminarı keçirilib. Seminarda çıxış edən direktorun müavini Adil Nuriyev bu seminarların silsilə xarakteri daşıyacağını bildirib və qeyd edib ki, seminar rezidentlərin tibbi biliklərinin genişləndirilməsində də mühüm əhəmiyyət kəsb edəcək. Daha sonra məruzəçi qismində çıxış edən həkim-rezident Fatimə Əliyeva Yan amiotrofik skleroz xəstəliyi haqqında seminar iştirakçılarına məlumat verib. Həkim-rezident bildirib ki, bu xəstəlik müalicəsi olmayan xəstəliklər qrupuna daxildir. “Xəstəliyin etiologiyası məlum deyil. 5-10% hallarda xəstəliyin ailəvi formasına rast gəlmək olur. Sporadik forma isə daha çox kişilərdə 40-60 yaş arasında rast gəlinir. Simptomlar əmələ gələndən sonra orta yaşam müddəti 2.5-3.5 ildir. Xəstəliyin forması da önəmlidir. Bulbar formada yaşam müddəti 2.5 il, ətraflarda başlayan formada isə 3.5 ildir. 5 xəstədən biri 5 ildən çox, 10 xəstədən biri 10 ildən çox yaşaya bilər”. Həkim-rezident xəstəliyin xüsusiyyətləri, klinik formaları, diaqnostikası və s. haqqında da seminar iştirakçılarına məlumat verib. Seminar professor-müəllim heyətinin müzakirəsi ilə davam etdirilib.