Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsində müalicə alan iki azyaşlı ilə bağlı klinik təhlil aparılıb. Təhlillər öncəsi çıxış edən direktorun müavini Adil Nuriyev klinikanın tədris yönümlü olduğunu vurğulayaraq, aparılan xəstə müzakirələrinin klinikanın ümumi işinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildirib. Daha sonra həkim-rezident Aysu Usubbəyli çıxış edərək azyaşlıların əziyyət çəkdiyi vitamin D rezistentli raxitlə bağlı məlumat verib. O bildirib ki, bu xəstəlik nadir rast gəlinən, həmçinin genetik xəstəliklər qrupuna daxildir. “Belə xəstələr ömür boyu müalicə olunmalıdırlar. Onların bədənində fosfor çatışmadığına görə belə vəziyyətlə üzləşirlər. Əsas əlamətləri adi raxitə xas olan sümüklərdə olan əyriliklərdir. Belə xəstələr digər – vitamin D defisitli raxit və vitamin D-dən asılı raxitdən fərqli olaraq, yüksək dozada vitamin D qəbul etməlidirlər. Çünki onların vitamin D-yə olan tələbatı daha çoxdur. Müalicəsi ömür boyu davam etdiyi üçün onların bədənində fosfor mübadiləsini təmin etmək vacibdir. Belə xəstələr daim fosfor tərkibli dərmanlardan asılı olaraq yaşayırlar”. Endokrinoloq-genetik-pediatr Adilə Çernik-Bülənd bildirib ki, vitamin D rezistentli raxit bəzən adi raxitə xas olan əlamətlərə başladığı üçün ilk aylarda valideyn üçün bunu aşkar etmək çox çətin olur. Ona görə də bu zaman valideynlərə çox diqqətli olmalarını tövsiyə edərdim. Klinik təhlil professor-müəllim heyətinin müzakirələri ilə davam etdirilib.