Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı keçirilib

Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı keçirilib

1-2 noyabr tarixlərində Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşəbbüsü, Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi və Azərbaycan Tibb Universitetinin dəstəyi ilə APA-nın 42-ci Milli Qurultayı keçirilib. Ənənəvi olaraq təşkil edilən bu mötəbər elmi tədbir, uşaq sağlamlığı sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri, tanınmış alimləri, müəllimləri və ictimai xadimləri bir araya gətirib.

Tədbirə Beynəlxalq Pediatrlar Assosiasiyası (IPA), Avropa Pediatrlar Assosiasiyası (EPA/UNEPSA), Avrasiya Uşaq Həkimləri Federasiyası, Rusiya Pediatrlar İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri onlayn qoşulublar.

Qurultay uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, təcrübə mübadiləsi və gənc nəslin sağlamlığının qorunması istiqamətində yeni ideyaların və praktik həllərin müzakirəsinə xidmət edib.

Beynəlxalq tədbirin həmsədrləri APA-nın rəhbəri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə, Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, APA-nın fəxri vitse-prezidenti, professor Lalə Allahverdiyeva və II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova olublar.

Noyabrın 1-də Azərbaycan Tibb Universitetinin Fizika-Kimya korpusunda və Terapevtik Klinikada “Azərbaycanda tibb işçilərinin ali təhsil perspektivləri: keçmişdən gələcəyə doğru”, “Pediatriyanın və neonatologiyanın aktual problemləri”, “Uşaq nevrologiyası və endokrinologiyasında yeniliklər” kimi panel mövzular üzrə geniş müzakirələr aparılıb. İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, Tədris Terapevtik Klinikanın direktoru, professor Vəsadət Əzizov və digər tanınmış mütəxəssislər çıxış edərək pediatriyanın inkişaf dinamikasından, elmi tədqiqatların praktiki səhiyyədə tətbiqi yollarından və yeni tədris metodologiyalarından danışıblar.

APA-nın sədri Təranə Tağı-zadə çıxışında Assosiasiyanın 95 illik inkişaf yolunu, uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirləri və qarşıda duran strateji hədəfləri diqqətə çatdırıb. O, qeyd edib ki, bu tarixi yol Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə sıx bağlıdır. Ulu Öndər Assosiasiyanın fəaliyyətinə daim dəstək göstərib, onun təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin yaradılması və həmin prosesdə Assosiasiyanın fəal iştirakı bu regionun səhiyyəsinin inkişafında mühüm mərhələ olub.

Təranə Tağı-zadə vurğulayıb ki, bu gün həmin humanist missiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük sədaqət və məsuliyyətlə davam etdirilir. Uşaq sağlamlığının qorunması, müasir tibb müəssisələrinin yaradılması, regionlarda profilaktik səhiyyənin genişləndirilməsi istiqamətində atılan addımlar bu siyasətin bariz göstəricisidir.

Qurultayın ikinci günündə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən müharibəsində həlak olan qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova uşaqların sağlamlığının dövlət səhiyyə siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, vurğulayıb ki, Nazirlik bu istiqamətdə həyata keçirilən islahatları və maarifləndirici təşəbbüsləri dəstəkləyərək, uşaqların sağlam inkişafı üçün kompleks tədbirlər görür.

Millət vəkili Müşfiq Məmmədli çıxışında bildirib ki, sağlam uşaqlar sağlam gələcəyin təməlidir və bu məqsədlə həyata keçirilən dövlət proqramları mühüm nəticələr verir.

Millət vəkili İlham Məmmədov isə uşaqların sağlam inkişafının cəmiyyətin mənəvi dəyərləri və sosial rifahı ilə sıx bağlı olduğunu vurğulayaraq, bu sahədə bütün tərəflərin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının professoru Fatimə Seyidbəyova çıxışında universitetin pediatriya sahəsində həyata keçirdiyi elmi tədqiqatlardan və beynəlxalq əməkdaşlıq layihələrindən söz açıb. O, belə tədbirlərin elmi biliklərin praktik səhiyyəyə tətbiqində mühüm rol oynadığını bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova çıxışında icbari tibbi sığorta sisteminin uşaq sağlamlığının qorunmasına verdiyi töhfələrdən danışıb və regionlarda pediatrik xidmətlərin əlçatanlığının artırılmasının prioritet istiqamət olduğunu vurğulayıb.

Qurultayda onlayn formatda çıxış edən IPA prezidenti, professor Djozef Haddad, EPA/UNEPSA prezidenti, professor Massimo Pettoello Mantovani, Avrasiya Uşaq Həkimləri Federasiyasının prezidenti, professor Kamçibek Uzakbayev və Rusiya Pediatrlar İttifaqının prezidenti, akademik Leyla Namazova Azərbaycanın pediatriya sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndiriblər, gələcək əməkdaşlıq imkanlarından danışıblar. Elm və təcrübənin vəhdətində gerçəkləşən bu mötəbər tədbirin, pediatriya sahəsində biliklərin paylaşılması, gənc həkimlərin tədris və tədqiqat bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Beynəlxalq alimlər “Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı”nı ölkəmizdə uşaq sağlamlığının gələcəyi, elmi tərəqqi və müştərək əməkdaşlıq baxımından tarixi hadisə kimi qiymətləndiriblər.

Elmi hissədə professor Lalə Allahverdiyevanın “Uşaqlarda xroniki öskürəyin müasir diaqnostikası və müalicəsi”, tibb üzrə fəlsəfə doktorları Ülviyyə Hacıyevanın “Müasir dövrdə uşaqlarda pnevmoniyaların diaqnostikası və müalicəsində pediatrın çətinlikləri; çıxış yolları”, Fəxriyyə Məmmədovanın “Pediatrik patologiyanın diaqnostikasında süni intellekt: dost, yoxsa düşmən?” Şəhla Balayevanın “Müasir dövrdə ekoloji təhdidlər”, pediatr Oqtay Xəlilovun “Uşaqlarda anafilaktik şok”, uşaq kardioloqu Bəhruz Əliyevin “ASD-lərin invaziv müalicəsi” mövzularında çıxışları dinlənilib və digər tibb mütəxəssislərinin təqdimatları izlənilib.

Qurultay çərçivəsində startap təqdimatları da keçirilib. ATU-nun Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının müdiri, dosent Samir Cavadlının rəhbərliyi ilə “Həyati dəstək” kursu təşkil olunub, burada həkimlər üçün təcili hallarda reanimasiya bacarıqlarının təkmilləşdirilməsi üzrə praktiki təlimlər baş tutub.

Tədbirdə iştirak edən Səhiyyə Nazirliyinin nəzdindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova Azərbaycan səhiyyəsində orqan transplantasiyasının inkişafından danışıb. O, orqan transplantasiyasının Qafqazda 1971-ci ildə məhz Azərbaycanda həyata keçirildiyini qeyd edərək bildirib ki, bu il ölkəmizdə ilk dəfə meyit donordan orqan köçürülməsi uğurla baş tutub.

Qurultay pediatriya sahəsində mövcud nailiyyətlərin təqdim olunduğu, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirildiyi və uşaqların sağlam gələcəyi naminə vahid məqsədə yönəlmiş elmi hadisə kimi qiymətləndirilib.

 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.