Yanvarın 23-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası (İNMŞ) növbəti reydini keçirib. 5 saylı tədris binasında keçirilən monitorinqdə şuranın üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və tələbə-dekan Məhərrəm Alimli iştirak ediblər.
Əvəllər də yazdığımız kimi, reydlərin aparılmasının əsas məqsədi tələbələrin fikirlərini, rəylərini, şikayətlərini və təkliflərini öyrənməklə ictimailəşdirmək, qarşıya çıxan problemlərin həllinə nail olmaqdır.
Monitorinq zamanı imtahanın gedişi izlənildi. Tələbə biletləri, yanaşı əyləşdirilən tələbələrin eyni fəndən imtahan verib-vermədikləri, özləri ilə imtahan zalına telefon götürüb-götürmədikləri araşdırıldı. Bəlli oldu ki, imtahan prosesi qaydalara uyğun gedir və heç bir qüsur yoxdur. Sonra şura üzvləri Apellyasiya Komissiyasının fəaliyyəti ilə də tanış oldular. Komissiyanın sədri, professor Surxay Musayev gün ərzində 7 müraciətin daxil olduğunu, onların içərisində əsaslı və əsassız şikayətlərin yer aldığını bildirdi. Müraciətlərin əsasən imtahanlara düşən test suallarındakı anlaşılmazlıqlarla bağlı edildiyini bildirən sədr, bu barədə ədalətli ölçü götürüldüyünü qeyd etdi. Həmçinin aşkar edilmiş qüsurların anında aradan qaldırıldığını vurğuladı.
Sonra Azərbaycan dili və ictimai fənnlər kafedralarına baş çəkildi. Davamiyyət jurnalına baxış keçirilərkən bəzi əməkdaşların nizam-intizama riayət etməməsi hallarına rast gəlindi. Bu barədə qeydlər aparıldı və bildirildi ki, reydin nəticələri barəsində rəhbərliyə ətraflı məlumat veriləcək.
Şura üzvləri iqtisadiyyat fənni ilə bağlı tədris olunan proqramla da maraqlandılar. Müəllimlər elmi araşdırmalar aparmaq məqsədilə bəzi arxiv və kitabxanalrda işləmək üçün onlara normal şəraitin yaradılması təklifini şura üzvlərinin diqqətinə çatdırdılar.