Bu gün Azərbaycan Tibb Universitetində (ATU) xalıqmızın tibb sahəsinin inkişafına töhfələrini vermiş tanınmış alim, görkəmli professor İsmayıl Əbdülxalıq oğlu Axundovun 120 illik yubileyi keçirilib. Tədbiri açan elmi işlər üzrə prorektor Rauf Bəylərov yubilyar haqında iştirakçılara məlumat verərək çıxışına belə başlayıb: “Qədim tarixə malik şərəfli inkişaf yolu keçmiş Azərbaycan tibb elminin və səviyyəsinin dinamik inkişafı bu sahədə çalışan görkəmli tibb mütəxəssisləri və ziyalılarının böyük əməyi nəticəsində olub. Xalqımız ömrünü öz xalqının tərəqqisi, inkişafı naminə sərf edən ləyaqətli övladlarının, ziyalılarının xatirəsini həmişə əziz tutur və ehtiramla yad edir.
Belə ziyalılardan biri də xalqına təmənnasız xidmətləri ilə yaddaşlarda əbədi həkk olunmuş, bu gün anadan olmasının 120 illiyini qeyd etdiyimiz, Almaniyanın Münhen Universitetinin məzunu, tibb elmləri doktoru, professor İsmayıl Əbdülxalıq oğlu Axundovdur. Professor İsmayıl Axundov əhalini o dövrdə tüğyan edən malyariyadan, digər yoluxucu xəstəliklərdən xilas etmək üçün mümkün olan və əlindən gələn hər şey etmişdir. Onun pedaqoji fəaliyyəti və təşkilatçılıq qabiliyyəti dövlət tərəfindən qiymətləndirilib...”
Sonra çıxış edən epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev İ.Axundovun ömür yolu və tibb sahəsindəki yorulmaz fəaliyyəti ilə bağlı məlumat verib: “... İsmayıl Axundov 1897-ci il dekabr ayının 8-də Şamaxı şəhərində anadan olub. Kiçik yaşlarından valideynlərini itirən İsmayılın keşməkeşli bir həyat yolu olub. O, 1908-ci ildə Bakıda 2- ci kişi gimnaziyasına daxil olmuş və 1918-ci ildə oranı bitirmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olan İ.Axundov 1920-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən istedadı nəzərə alınaraq, dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakültəsində təhsilini davam etdirməyə göndərilir...”
Natiq olduqca istedadlı olan İ.Axundovun universiteti əla qiymətlərlə bitirdiyinə toxunaraq Alımaniyada ona yüksək şərait yaradılmasına söz verilsə də, Vətənə dönməyi, millətinə xidmət etməyi hər şeydən üstün tutduğunu qeyd edib. Və nəhayət, bu istedadlı alimin dünyasının dəyişməsində ermənilərin əli olduğunu bildirib. Qeyd edib ki, 1952-ci ildə ermənilərin əli ilə onun yatdığı otaq yandırılıb və dəyərli alim həlak olub.
Professor Ədalət Tahirzadə də Cümhuriyyət dövründə Milli Hökumətin yardımı ilə 100 nəfər gəncin xarici ölkələrdə ali təhsil alması üçün göndərilməsindən danışıb. Onlardan birini də İsmayıl Axundov olduğunu və Milli Hökumət süquta uğradıqdan sonra tələbələrin əksəriyyətinin təhsillərini yarımçıq qoyduqlarını təəssüflə qeyd edib. Amma İ.Axundovun sonadək təhsilini davam etdirdiyin söyləyib.
Çıxış edən professorlardan Əyyub Əzizov, Fəxrəddin Məmmədov da İsmayıl Axundov və onun doğmaları ilə bağlı zəngin məlumatlarla çıxış ediblər.
Sonra alimin qızı Nailə Axundova tədbir iştirakçılarına atası haqında kövrək xatirələrini bölüşüb. Atasının xalq, millət üçün çalışan bir şəxs olduğunu, hər zaman tibbi axtarışlarını etdiyini qeyd edib. Tədbiri təşkil edənlərə təşəkkürünü bildirib.
Tədbir zamanı yubilyarın tibb sahəsindəki fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. İştirakçılar film vasitəsi ilə alim haqqında geniş məlumat əldə edə biliblər.