Bizi izləyin:
Heydər Əliyev
Almaniyalı professor epilepsiya haqda məruzə oxuyub

Almaniyalı professor epilepsiya haqda məruzə oxuyub

Noyabrın 19-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Nevrologiya kafedrası və Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə rezidentlər və gənc həkimlər üçün “Fokal kortikal displaziyalar: klinikası, EEG mənzərəsi və müalicə prinsipləri” adlı elmi seminar keçirilib.

Seminarın moderatorları Nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və Rezidentura və magistratura şöbəsinin müdir müavini, Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov olub.

A.Məmmədbəyli çıxışında epilepsiya sahəsində yeniliklərin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. N.Xəlilov isə epilepsiyanın müxtəlif klinik formaları, uşaqlarda müasir müalicə üsulları - dərman terapiyası, ketogenik pəhriz, cərrahiyyə və reabilitasiya haqqında məlumat verib.

Daha sonra məruzəçi, Almaniyanın Kiel Universitetinin fəxri professoru Ulrix Stefan çıxış edərək fokal kortikal displaziyalar zamanı epilepsiyanın klinik xüsusiyyətləri, EEG göstəriciləri və müasir neyrocərrahi müalicə yanaşmaları barədə aktual məlumatlar təqdim edib. O, dərmana davamlı hallarda cərrahi müalicənin yüksək effektivliyini və bu qərarın yalnız geniş diaqnostika və mütəxəssis komandasının qiymətləndirməsindən sonra verilməli olduğunu qeyd edib. Professor əməliyyatların pasiyentin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirib.

Sonda məruzəçi seminar iştirakçılarının - gənc həkimlərin, rezidentlərin və tələbələrin suallarını cavablandırıb.

Paylaş

Dostlarınız ilə paylaşın.