Yanvarın 30-da Böyük Elmi Şuranın növbəti iclası keçirildi. İclasa sədrlik edən ATU- nun rektoru, professor Gəray Gəraybəyli gündəliyə keçməzdən öncə uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna xanım Əliyevanı yubileyi münasibətilə təbrik etdi.
Ona göstərilən diqqətə görə təşəkkürünü bildirən Rəna xanım həyatının bütövlükdə tibblə bağlı olduğunu, bu sahədəki əməyinin həmişə yüksək qiymətləndirildiyini və ömrünün qalan hissəsini də öz xalqına xidmətə həsr edəcəyini dedi.
Bundan sonra rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədovun “Azərbaycan Tibb Universitetində rezidentura təhsili mərhələsində həkim mütəxəssislərin hazırlanmasının vəziyyəti və kollektiv qarşısında duran vəzifələr” barədə hesabatı dinlənildi.
Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən və ulu öndər Heydər Əliyev cənablarının yenidən hakimiyyətə gəlməsindən sonra ölkədə təhsil və səhiyyə sahəsində geniş islahatlara başlanıldığını vurğulayan məruzəçi əsas məqsədlərdən birinin Azərbaycan təhsilini və səhiyyə sistemini Avropa standartlarına yaxınlaşdırmaq və inteqrasiya etmək olduğunu, bu işin ulu öndərin davamçısı möhtərəm prezident İlham Əliyev cənablarının hakimiyyəti dövründə daha əzm və sürətlə inkişaf etdirildiyini söylədi.
Yeni qəbul olunmuş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na görə təhsilin məzmunu, proqramın strukturuna qoyulan tələblər, rezidenturaya hazırlıq, təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla aparılması, təhsil proqramında auditoriya saatlarında həftəlik dərs yükü (6 saatdan çox olmamaqla), təhsil proqramlarının təsdiqi qaydaları, rezident rəhbərlərinə qoyulan tələblər, rezidentlərin dövri və yekun attestasiyasının aparılması, rezidenturaya xitam verilməsi və digər məsələlərin öz əksini tapdığını diqqətə çatdıran R.Məmmədov bildirdi ki, rezidenturada həkim-mütəxəssis hazırlığı aparılacaq bazaların təhsil, elm müəssisələri və aparıcı klinikaların təyin edilməsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir: “2011/2012-ci tədris ilində kliniki bazaların sayı cəmi 10 idisə, ildən-ilə onların sayı artaraq 2016/2017-ci tədris ilində 41-ə çatdırılmışdır”.
Məzun rezidentlərimizdən sonra hazırda I kursda 110 (9 xarici), II kursda 154 (10 xarici), III kursda 174 (13 xarici), IV kursda 106 (4 xarici) və V kursda 31 nəfər olmaqla 34 ixtisas üzrə 575 nəfər (keçən il 643) rezidentin təhsilini davam etdirdiyini xatırladan şöbə müdiri onu da bildirdi ki, rezidentlərin tibbi biliklərini və kliniki bacarıqlarını artırmaq məqsədilə klinikalarda, kafedra və şöbələrdə müxtəlif tədbirlər həyata keçirilir.
R.Məmmədov hesabat məruzəsində 2013-cü ildən başlayaraq Azərbaycan Tibb Universitetinin xarici ölkə universitetləri ilə, xüsusən qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə bağlanmış ikitərəfli müqavilələrə əsasən rezidentlərimizin xaricdə rotasiya keçməsinə də toxundu: “2017-ci ildə ümumilikdə 69 rezidentimiz 14 ixtisas üzrə 3-10 ay müddətində xaricdə rotasiya keçmişdir. Onlar ən çox Türkiyənin İstanbul, Ankara, Qazi, Hacıtepe, Akdeniz, Samsun şəhərinin 19 Mayıs, Kayseri şəhərinin Erciyes, Ege, Sivas şəhərinin Cumhuriyyət Universitetlərində, Koceli, İnönü, Karadəniz Universitetlərində, Almaniyada, Fransada, ABŞ-da, Avstriyada rotasiyada olmuş, 21 nəfər isə 8 ixtisas üzrə öz rotasiyalarını davam etdirirlər. Rotasiya ilə bağlı onu da əlavə etmək istəyirəm ki, 2013-cü ildən respublika üzrə digər bazalardan olan rezidentlər də bəzi ixtisaslar üzrə bizim universitetin klinikalarında rotasiya keçməyə başlamışlar. 2016-cı ildə 82 nəfər, 2017-ci ildə isə 198 nəfər digər bazalardan bizim klinikalarımızda rotasiyada olmuşlar. Bu rotasiyalar müvafiq bazaların rəhbərlərinin bizim universitetimizin rektoruna ünvanladığı müraciəti əsasında rektorun əmri ilə rezidentura şöbəsinin nəzarəti altında həyata keçirilir. Rotasiya qurtardıqdan sonra bir qayda olaraq həmin rezidentlərə xasiyyətnamə və rotasiyada olduqları müddət üçün tabel verilir”.
Rezidentlərin yüksək səviyyəli həkim-mütəxəssis kimi yetişmələrində, onların daim öz biliklərinin artırılmasında kliniki fəaliyyətlə bərabər, elmi-tədqiqat işlərinin aparılmasının da vacibliyini önə çəkən R.Məmmədov “ATUREK” adı altından keçirilən konfranslarımızda həm elmi işlərin, həm də onların əhatə etdiyi ixtisasların sayının ildən-ilə artdığını dedi: “2013-cü ildə cəmi 10 ixtisas üzrə 58 elmi iş çap edilmişdirsə, 2016-cı ildə “ATUREK-4”-də 21 ixtisas üzrə 176, 2017-ci ildə “ATUREK-5”-də isə 24 ixtisas üzrə 192 elmi iş çap edilmişdir. Bundan başqa elmi işlərə ancaq ATU-nun rezidentləri deyil, digər bazaların rezidentləri də fəal qoşulmağa başlamışlar. 2016-cı ildə “ATUREK-4” adı altında keçirilən elmi-praktik konfransda hörmətli rektorumuz tapşırıq verdi ki, növbəti elmi- təcrübi konfranslarda ancaq tibb universitetinin deyil, digər baza və klinikaların rezidentləri də daha fəal iştirak etsinlər. Bunun nəticəsi olaraq 2017-ci ildə keçirilən “ATUREK-5” adlı elmi-praktik konfransda digər bazalardan 28 elmi iş təqdim edildi”.
Hesabat məruzəsində rezidentura təhsilində dövri və yekun attestasiyaya hazırlıq və onların keçirilməsi qaydalarına da geniş yer ayıran məruzəçi qeyd etdi ki, yekun attestasiyaya hazırlıqla əlaqədar bir çox ixtisaslar üzrə həm test, həm də kliniki bacarıq suallarının hazırlanmasında əvvəlki illərdə olan bəzi çatışmamazlıqlar aradan qaldırılmışdır.
Artıq 7 ildir ki, diplomdansonrakı tibbi kadrların hazırlanmasında əsas strateji sahə kimi rezidenturada həkim-mütəxəssis hazırlığının davam etdirildiyini vurğulayan natiq 40-dan çox tibb və təhsil müəssisəsində rezidentura təhsili aparıldığını və bunların içərisində Azərbaycan Tibb Universitetinin istər professor-müəllim heyətinin kadr potensialına, istərsə də maddi-texniki bazanın səviyyəsinə və keyfiyyətinə görə müsbət mənada fərqləndiyini dedi.
Hesabatda rezidentləri narahat edən xəstə azlığı, təcili yardım, toksikologiya, kompyuter tomoqrafiya və MRT üzrə rotasiyaların çətinlikləri, bəzi kafedra müdirləri ilə klinika rəhbərləri arasında tabellərin doldurulması ilə əlaqədar anlaşılmazlıqlar və kuratorların fəaliyyəti ilə bağlı məsələlər də öz əksini tapdı.
Əvvəlki illərdə hər bir klinikamızda elmi-tədris mərkəzinin yaradıldığını, əksər rezidentlər üçün multi-media sistemi ilə təchiz olunmuş otaqların ayrıldığını, attestasiyaların virtual test mərkəzində kompyuter vasitəsilə aparıldığını, müxtəlif ixtisaslar üzrə tədris proqramlarının təkmilləşdirilməsi prosesinin davam etdirildiyini söyləyən şöbə müdiri yeni təkliflərini də şura üzvlərinin diqqətinə çatdırdı.
Çıxışının sonunda rezidentura pilləsində təhsilin səviyyəsini daha da yaxşılaşdırmaq və müasir tələbatlara uyğun qurmaq üçün xeyli işlər görülməsinə baxmayaraq hələ də görüləcək işlərin çox olduğunu söyləyən R.Məmmədov respublikamız üçün xüsusi əhəmiyyətə malik olan rezidentlərin hazırlığı ilə əlaqədar müzakirələr zamanı deyiləcək irad və təkliflərə görə öncədən öz minnətdarlığını bildirdi.
Məruzə ətrafında çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev xəstələrin sayının azlığı səbəbindən rezidentlərin gündəlik məşğulluğunu, əməliyyatlarda iştirakını təmin etməyin çətinliyindən söhbət açdı. Eyni zamanda rezidentlərlə ciddi məşğul olmağın digər formalarının da nəzərdə tutulduğunu, bunlara seminarlar, konfranslar, xəstə müzakirələri, “master klass” adlanan bacarıq dərsləri, tədris-treyniq mərkəzindəki məşğələlərin aid olduğunu söyləyərək rezidenturadakı gender probleminə də toxundu: “Klinikamızda təlim keçən 210 rezidentdən 155-i qız, 55-i oğlandır. Ümumi cərrahiyyə və uşaq cərrahiyyəsi şöbələrində 59 rezidentdən 39-u, iki mama-ginekologiya kafedrasındakı 51 rezidentin hamısı qızlardır. Mən heç də qadınların istədikləri sənətdə təmsil olunmasının əleyhinə deyiləm. Lakin tarixən cərrahlıq kişi sənəti olmuşdur. Burada qətiyyət, əzmkarlıq, cəsarət, fiziki və mənəvi gərginlik tələb olunur. Cərrahiyyə ailə və uşaq qayğıları ilə daha çox bağlı olan qadınlar üçün bir qədər çətin sahədir. Ona görə də rezidenturaya qəbul zamanı bu amilə diqqət verilməsi, çətin də olsa oğlanlar üçün müəyyən kvota qoyulmasının məqsədəuyğunluğu məsələsinə də baxılmalıdır. Əks halda biz gələcəkdə cərrahiyyədə yalnız qadınların təmsil olunduqlarını görəcəyik”.
Rezidentlərin iş prinsipindən danışan II mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran xanım Bağırova gələcəkdə hər bir rezidentin attestasiyadan bir müddət əvvəl təhsil aldığı bazada bir xəstəni əməliyyata hazırlayaraq təşkil olunmuş komissiya üzvləri qarşısında əməliyyatı əyani surətdə nümayiş etdirməsi təklifi ilə çıxış etdi.
Rezidentura proqramları barədə fikirlərini bölüşən I daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov müəllimlərin bir qisminin rezidentlərlə işə vicdanla yanaşmamasını, test suallarının primitivliyini təəssüflə dilə gətirdi. Onu da bildirdi ki, rezidentlərə rotasiyanın sonunda xasiyyətnamə əvəzinə onun fəaliyyətini əks etdirən hesabat təqdim edilsə daha effektli olardı.
Tədris Stomatoloji Klinikanın direktoru, dosent Alqış Səfərov aparıcı mütəxəssislərin rəhbərliyi altında müalicə işi ilə məşğul olan rezidentlər üçün klinikada əlverişli şərait yaradıldığını söylədi. Fəal praktiki fəaliyyəti ilə seçilən rezidentlərin stomatoloji klinikalarda işə dəvət edilməsini müsbət hal kimi qiymətləndirdi.
Ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov gigiyena fənninin peşə yönümlü təməl fənni olmasını nəzərə alaraq onun daha yuxarı kurslarda, minimum III kursda tədris olunması, profilaktika istiqamətli fənlərin bir ad altında müalicə ixtisası üzrə təhsil alan həkimlərin dövlət imtahanları sırasına daxil edilməsi təklifini irəli sürdü.
Müzakirələri yekunlaşdıran G.Gəraybəyli rezidentura pilləsinə keçidin strateji cəhətdən son 7 il ərzində tibb təhsili sahəsində aparılan islahatların ən vacibi olduğunu vurğuladı: “ATU-nun Böyük Elmi Şurasında hər il rezidentura şöbəsinin hesabatı dinlənilir. Bu heç də təsadüfi hal deyil, rezidenturanın universitetimiz, bütövlükdə tibb təhsili üçün əhəmiyyətininin göstəricisidir. O vaxt təcili olaraq rezidentura pilləsinə keçməsəydik müəyyən illəri də itirmiş olardıq. Artıq 7 illik təcrübədə istər kurator, istərsə də proqramların təkmilləşdirilməsi nöqteyi nəzərindən böyük irəliləyişlər var”.
Çıxışlarda səslənən problemlərə də münasibət bildirən rektor bəzi bazalarda rezidentlərə yad münasibətin hələ də davam etdiyini, ancaq buna baxmayaraq bir çox müsbət nümunələrimizin olduğunu da söyləyərək Tədris Terapevtik Klinikanın kardiologiya şöbəsində rezidentlərin Fərid Əliyevin rəhbərliyi altında vahid bir komanda şəklində çalışmasını nümunə kimi göstərdi. Qeyd etdi ki, tələbələr üçün təhsil və tədris prosesinin düzgün qurulduğu kafedralarda rezidentlərə münasibət də qənaətbəxşdir: “Ordakı xəstələr bəlkə də digərlərindən çox deyil, amma “xəstələr yoxdur” şikayəti gəlmir. Çünki yeni, müasir, həm rezidentlər üçün maraqlı, həm də effektiv olan tədris metodları tətbiq olunur. Burada kimsə haqlı olaraq xatırlatdı ki, bir çox Avropa ölkələrində, Amerikada heç də bütün tələbələr və rezidentlər xəstə üzərində öyrənmir, əlavə tədris mexanizmləri mövcuddur”.
Rezidentlərə rəhbərliklə bağlı problemlər üzərində xüsusi dayanan rektor bu istiqamətdə təkmilləşdirməyə ehtiyac olduğunu şura üzvlərinin diqqətinə çatdırdı. Səhiyyə nazirliyinin rəhbərliyinin də rezidentura təhsilini daim diqqət mərkəzində saxladığını vurğulayan G.Gəraybəyli bu istiqamətdə ciddi iş aparıldığını və yeni islahatların gözlənildiyini, rezidentura hazırlığında ATU-nun rolunun daha da artırılmasının nəzərdə tutulduğunu söylədi.
Məruzədə və çıxışlarda səslənən gigər məsələlərə də aydınlıq gətirən universitetin rəhbəri Böyük Elmi Şuranın fəaliyyətindəki dəyişikliklər haqqında da məlumat verdi.
ATU-nun nəzəri kafedralarında çalışan professor-müəllim heyyətinə verilən maddi yardımlarının 01.03.2018-ci il tarixindən artırılması, ATU-da bəzi kafedralar ixtisar olunacaq və həmin fənlər digər kafedralarda daha müasir formatda tədris olunacaq. elmlər doktoru işlərinin mövzusunun və elmi məsləhətçinin təsdiq edilməsi, çapa tövsiyə edilən əlyazmalar barədə təklifləri təsdiqləyən elmi şura müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırdı.