Yanvarın 31-də Respublika Talassemiya Mərkəzində "Talassemiya ilə mübarizədə KİV-lərin rolu" mövzusunda konfrans keçirilib.
Tədbirin əsas məqsədi KİV-lərlə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi və xəstəliyin yayılmasının qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsidir.
Tədbirdə çıxış edən mərkəzin direktoru, ATU-nun Tədris Terapevtik Klinikasının hematoloqu Valeh Hüseynov son illər bu istiqamətdə qəbul olunan dövlət proqramlarının səmərəli nəticə verdiyini bildirib: “Talassemiya bütün dünyada olduğu kimi Azərbaycanda da aktual problemlərdən biridir. Son statistik göstəricilərə əsasən ölkədə bir milyondan artıq talassemiya daşıyıcısı var. Məhz bu, daşıyıcıların ailə qurması ilə əlaqədar ölkədə talassemiyalı xəstələrin sayında son illərə qədər artım müşahidə edilirdi. Hazırda respublikamızda 3000-dən yuxarı qeydiyyatda olan irsi qan, o cümlədən talassemiyalı xəstələr var. Son üç il ərzində dövlətimiz tərəfindən qəbul olunan bir sıra proqramlar, o cümlədən nikahdan öncə cütlüklərin yoxlanılması nəticəsində 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilib. Onu da qeyd edim ki, bu cür proqramlar öz nəticəsini qısa müddətdə vermir. Digər ölkələrin təcrübəsinə də əsaslanaraq onu demək olar ki, bu problemin həlli istiqamətində, xüsusilə regionlarda silsilə tədbirlərin keçirilməsi vacibdir. Belə ki, talassemiyanın aradan qaldırılmasında əsas məsələ düzgün müalicə deyil, profilaktik tədbirlərin zamanında aparılmasıdır. Məqsədimiz respublikada talassemiya ilə doğulan uşaqların sayının azaltmaqdır. Burada nikaha girən cütlüklərin müayinəsi əsas rol oynayır. Problemin həlli istiqamətində ikinci əsas məsələ isə prenatal diaqnostikanın inkişafıdır. Onu da qeyd edim ki, son illər aparılan işlər sayəsində xəstəliyin “yaş həddi” böyüyüb. Belə ki, xəstəlikdən əziyyət çəkənlərin çoxunun yaş həddi 20-dən yuxarıdır. Hazırda mərkəzimizdə yaşı 18-dək olan təxminən üç minə yaxın uşaq qeydiyyatdadır”.
Direktor onu da qeyd edib ki, bu problem 18 yaşdan yuxarı xəstələrin iş tapması baxımından da çətinliklər törədir. Belə ki, müraciət etdikləri qurumlarda xəstəlik haqqında məlumat alındıqda hansısa problemin yaranacağından qorxaraq onları işə qəbul etmirlər: “Lakin bu düzgün yanaşma deyil. Ümid edirik ki, maarifləndirmə tədbirləri nəticəsində insanlar belə fikirdən daşınacaq və xəstəlikdən əziyyət çəkənlərin işlə təmin olunmasında köməklik göstərəcəklər”.
Sonra Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmovun “Talassemiyalı uşaqlarda və yeniyetmələrdə psixoloji problemlər” mövzusunda məruzəsi dinlənilib. Qeyd edək ki, tədbirdə ATU-nun elmi işlər üzrə prorektoru, uşaq nefroloqu dosent Rauf Bəylərov da iştirak edirdi.
Konfransda müxtəlif dövlət qurumları təmsil edən 100 yaxın nümayəndə iştirak edib.