Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Şüa dianostikasi və terapiyası” kafedrasının rezidentlərinin seminarı keçirilib.
Seminarda çıxış edən direktorun müavini Adil Nuriyev bu seminarların elmi əhəmiyyətindən danışıb və bildirib ki, silsilə xarakteri daşıyan seminarlar may ayında keçiriləcək olan rezidentlərin 6-cı elmi-təcrübi konfransına (6-cı ATUREK) hazırlıqlarda mühüm rol oynayacaq.
Daha sonra kafedranın həkim-rezidenti Xavər Qurbanlının “Vezikoureteral refluks” xəstəliyinin radiodiaqnostikası haqqında çıxışı dinlənilib.
O bildirib ki, müraciət edən xəstələrdə USM müayinəsində hidronefroz aşkar edilərsə və xəstədə tez-tez Urenar trakt infeksiyası müşahidə olunarsa, pasiyent Vadinq sistoureteroqrafiyasına göndərilir: “Klinikada bu müayinə metodu həyata keçirilir. Əgər vaxtında vezikoureteral refluks diaqnozu qoyulmazsa, bu, böyrək parenximası zədələnməsinə gətirib çıxarır”.
Seminarın davamında həmin kafedranın həkim-rezidenti Gülməkan Qədimli “Renal dopler” (“Böyrək dopleri”) müayinəsi barədə danışıb.
O qeyd edib ki, “Renal dopler” müayinəsi ən çox hipertenziyası, yəni təzyiqi yüksək olan xəstələrdə aparılır.
“Renal damarlarda stenozun olub-olmaması aşkarlanır. Bu, ən optimal müayinə üsuludur. Ən vacib məqam isə təzyiqə diqqət edilməsidir. Belə xəstələrdə bel ağrıları, sidikdə qan və s. müşahidə edilə bilər. Renal ultrasəs müayinəsi zamanı böyrək daşlarını, həmçinin böyrəklərdə infeksiyanın səbəb olduğu dəyişiklikləri təsbit etmək mümkündür”.
Seminar həkim-rezidentlərin müzakirəsi ilə davam etdirilib.