ATU ilə Ankara Universiteti əməkdaşlığa başlayır
Azərbaycan Tibb Universiteti və Ankara Universiteti arasında əlaqələr yeni müstəviyə keçir. Bu haqda qərar dünən ATU-da keçirilən görüşdə verilib.
Görüşdə ATU rektoru Əhliman Əmiraslanov, Ankara Universitetinin tibb fakültəsinin təmsilçisi professor Hasan Özkan, infeksion xəstəliklər kafedrasının üzvü, akademik İsmail Balık iştirak ediblər. Professor Özkan ATU-nun müəllim-həkim heyətini dərs vermək üçün Ankara Universitetinə dəvət edib. Onun sözlərinə görə, Ankara Universitetinin rəhbərliyi Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığı gücləndirmək, təhsil sahəsində əlaqələri yeniləməyi arzulayır.
ATU rektoru Əhliman Əmiraslanov da öz növbəsində əməkdaşlıq haqqında təklifi yüksək qiymətləndirdiyini bildirib. O, rəhbərlik etdiyi universitetin Türkiyənin ali təhsil müəssisələri, xüsusilə Ankara Universiteti ilə sıx əlaqələrinin olduğunu vurğuladı. Türkiyəli qonaqlarla fikir mübadiləsi nəticəsində bu ilin sentyabrında universitetlər arasında yeni əməkdaşlıq sazişinin imzalanması haqda razılığa gəlindi.