Bizi izləyin:
Heydər Əliyev
TEC-in fakültələr üzrə növbəti konfransı Əczaçılıq fakültəsində keçirilib

TEC-in fakültələr üzrə növbəti konfransı Əczaçılıq fakültəsində keçirilib

      Azərbaycan Tibb Universitetində (ATU) Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

     Konfrasda çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını toplantı iştirakçılarına çatdırıb.

    Universitetdə aprel və may aylarının elm bayramı kimi qeyd edildiyini, tələbələrin həm yerli, həm də beynəlxalq səviyyədə artan elmi uğurlarını xüsusi vurğulayan prorektor Milli Qəhrəman Polad Həşimovun ailəsinin qonaq qismində iştirakı və tələbəmiz olan övladının bu tədbirdə məruzə ilə çıxış etməsini konfransın ən təsirli məqamı kimi dəyərləndirib.

     Prorektor tələbələrimizin artıq nəinki ölkə daxilində, həmçinin bir sıra yaxın-uzaq ölkələrdə öz elmi-tədqiqat işlərini təqdim etdiyini və yüksək nailiyyətlər qazandıqlarını da diqqətə çatdırıb.

     Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov çıxışı zamanı öz tələbəlik illərini və tibb sahəsindəki peşə seçimini səmimiyyətlə xatırlayaraq, farmakologiya sahəsinə olan dərin marağından bəhs edib. Keçmişdəki apteklərin atmosferini və dərman hazırlama prosesinin incəliklərini təsvir etməklə, bu elmin həm tarixi köklərinə, həm də müasir tibdəki əhəmiyyətinə xüsusi diqqət çəkib. Gənc nəslin bu sahədəki fəallığını təqdir edərək, aparılan tədqiqatların beynəlxalq səviyyədə tanınmasının vacibliyinə də toxunub.

       Elmi Tədqiqatların İdarə Olunması Departamentinin müdiri, professor Eldar Qarayev əczaçılıq sahəsinin mahiyyəti və bu elmin təbabətdəki mühüm rolu haqqında danışıb. Qeyd edib ki, əczaçılıq sadəcə aptek fəaliyyəti ilə məhdudlaşmır, həm də dərman preparatlarının ixtirası və istehsalını əhatə edən geniş bir elm sahəsidir. Eyni zamanda bu sahənin tibb və kimya elmlərinin sintezi olduğunu, insan sağlamlığı üçün həlledici əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

       Fakültənin dekanı, dosent Fərəh Mədətli bildirib ki, ATU-nun inkişaf strategiyasının əsas prioritetlərindən biri olan TEC-in nailiyyətləri həm də fakültənin uğurudur. Natiq tədbiri həm müəllim, həm də tələbələr üçün mühüm bir bayram və hesabat günü kimi səciyyələndirərək, gənclərin il boyu apardıqları tədqiqat işlərinin nəticələrini təqdim etmələrinin və elmi fəaliyyətlə məşğul olmalarının əhəmiyyətini vurğulayıb.

      Fakültə üzrə TEC-in rəhbəri, baş müəllim Xuraman Mustafayeva builki elmi konfransda tətbiq edilən mühüm yeniliklər və müxtəlif qurumlardan dəvət olunmuş münsiflər heyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, tədbirin əsas məqsədi fərqli sahə mütəxəssislərini bir araya gətirərək gələcəkdə icrası nəzərdə tutulan birgə layihələr üçün şəbəkələşmə imkanı yaratmaqdır.

      Şəhid general, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova Azərbaycan Tibb Universitetində təhsil alan qızı Aybənizin həmişə professor-müəllim heyəti haqqında böyük sevgi ilə danışdığını söyləyib. Şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə, eləcə də bu mötəbər tədbirə dəvət üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.

     Rəsmi hissədən sonra söz tədqiqatçı tələbələrə verilib. “Elm. Tədqiqat. İnnovasiya” şüarı altında keçirilən konfransın sonunda qalib tələbələrə TEC-in xüsusi diplom və sertifikatları təqdim olunub.

 

Paylaş

Dostlarınız ilə paylaşın.