ABŞ-ın Viskonsin ştatının La Crosse Universitetinin professoru Robert Jecklin Azərbaycan Tibb Universitetində (ATU) məruzə ilə çıxış edib.
O, İctimai səhiyyə fakültəsinin VI kurs tələbələri və fakültənin kafedralarının professor-müəllim heyəti qarşısında “ABŞ-da uşaq və yeniyetmələrin sağlamlığının qorunması sahəsində ictimai səhiyyənin praktikası” mövzusunda danışıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Amerikalı professor tələbə-müəllim heyətinin suallarını cavablandırıb.
Məruzəçi həmçinin ictimai səhiyyə ilə bağlı əlverişli perspektivlərin olduğunu qeyd edib, ABŞ-da tətbiq olunan bir sıra yeniliklərin Azərbaycan səhiyyəsinə gətirilməsi məsələsinə də toxunub.
Qeyd edək ki, R.Jecklin artıq bir aydır ki, ATU-nun qonağıdır. Fakültə dekanı, dosent Anar Ağayevin iştirakı ilə bir sıra görüşlərdə iştirak edib. O, universitetdə olduğu müddətdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovla da görüşüb.
Qeyd edək ki, Robert Jecklin ATU-nun rektoru, professor Gəray Gəraybəylinin dəvəti ilə universitetin qonağıdır. Amerikalı professor ictimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisasına aid olan kafedraların dərsliklərinin yenilənməsi, dərs proqramlarının modernləşdirilməsi işinin təşkilinə yardım etmək məqsədilə universitetimizə dəvət olunub.
Xatırladaq ki, sözügedən fakültə əvvəllər tibbi profilaktika fakültəsi adlanırdı. Bu fakültənin məzunlarının diplomu xarici ölkələrdə tanınmırdı. Lakin G. Gəraybəylinin əməyi nəticəsində universitetin aparıcı fakültələrindən biri olan tibbi profilaktika fakültəsinin adı ictimai səhiyyə fakültəsinə dəyişdirilib. Bu, həmin ixtisasa yiyələnən gənc həkimlərin diplomunun digər ölkələrdə tanınmasına yardım olacaq.
Hazırda İctimai səhiyyə fakültəsində həmin profilə uyğun fənlərin tədrisi istiqamətində işlər görülür.