Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi kollektivdəki bütün xanımların 8 mart - Beynəlxalq Qadınlar Gününü təbrik etdi.
Universitetin Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev Azərbaycan qadınlarının cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələri olduğunu dedi: “Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş edib. Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirib. Analarımız Azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər”.
S. Əliyev qarşıdan gələn bayram münasibətilə Azərbaycanın bütün layiqli xanımlarını, həmçinin ATU-da qadın kollektivini təbrik etdi: “Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart - Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram”.