Türkiyənin Harran Universitetinin rektoru, professor, doktor Ramazan Taşaltın və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor, doktor Ali Sarıışık Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar. Onlar insan anatomiyası və farmokologiya kafedraları ilə tanış olublar.
Qonaqlar ilk olaraq ATU-nun Farmokologiya kafedrasında olublar. Kafedra müdiri, professor Musa Qəniyev onlara kafedra haqqında geniş məlumat verib. O qeyd edib ki, bu, Tibb Universitetinin ən əsas kafedralarından biridir: “Farmakologiya kafedrası 1920-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin (BDU) tibb fakultəsinin nəzdində yaradılıb. 1930-cu ildə BDU-nun tibb fakultəsinin bazasında müstəqil Azərbaycan Tibb İnstitutu (ATİ) yaradılıb və Farmakologiya kafedrası da bu institutun tərkibinə daxil edilib. ATİ universitet statusu aldıqdan sonra isə Farmakologiya kafedrası Azərbaycan Tibb Universitetinin tərkibində fəaliyyət göstərməyə başlayıb”.
Türkiyəli professorlar ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru Müşfiq Orucov və professor M.Qəniyevin iştirakı ilə kafedrada dərs prosesini izləyiblər.
Harran Universitetinin rektoru, professor, doktor Ramazan Taşaltin kafedrada yaradılan şəraiti yüksək qiymətləndirib: “Bütün dərs otaqlarınızın kompüter təchizatı ilə təmin olunması, dərslərin tam müasir formatda aparılması çox müsbət haldır. Ən əsası odur ki, dərslikləriniz var. Bizdə bu sahədə dərslik problemi mövcuddur”.
Daha sonra qonaqlar ATU-nun İnsan anatomiyası kafedrasında olublar, həmçinin “Anatomiya” muzeyinə baxış keçiriblər. Kafedranın müdiri, professor Vaqif Şadlinski ilə tələbələrin muzeydən necə yararlandıqları barədə məlumat verib: “Hər il kafedrada nizam-intizam daha da yüksəlir, mühazirə və təcrübə dərslərinin keyfiyyəti yaxşılaşdırılır, dərslərin meyit və meyit preparatı ilə təmini günün tələbinə uyğun olunur. Kafedrada "Dayaq-hərəkət aparatı", "Daxili orqanlar", "Sinir sistemi", "Qan-damar sistemi", "Anomaliya və eybəcərliklər" tədris muzeyləri səliqə ilə saxlanılır, preparatlar yenilənir, onlara qayğı ilə yanaşılır və tələbələrin istifadəsinə verilir”.
Professor V. Şadlinski həmçinin ATU-nun İnsan anatomiyası kafedrası ilə Türkiyənin bir sıra universitetlərinin insan anatomiyası kafedraları arasında olan əlaqələrdən danışdı. O, gələcəkdə iki ölkə universitetlərinin anatomiya kafedraları arasındakı əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə ümid etdiyini bildirdi.