Böyük Elmi Şuranın martın 30-da keçirilən növbəti yığıncağını açan universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev gündəliyə keçməzdən öncə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 31 martın Azərbaycanda soyqırımı günü kimi qeyd olunduğunu dedi. O, tarixə qısa ekskurs edərək Şaumyanın başçılığı altında daşnaklar və bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Hacıqabulda, Lənkəranda, Naxçıvanda, Zəngəzurda, Göyçə mahalında kütləvi qırğınlar törədildiyini, həmin zaman kəsiyində yalnız Bakı ətrafında və Şamaxıda 50 min azərbaycanlının qətlə yetirildiyini xatırlatdı.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gündəlikdə duran məsələlər diqqətə çatdırıldı. Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nadir Zeynalovun “Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunda 2017-2018- ci tədris ili ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabat məruzəsi dinlənildi.
Hesabat ilinin daha dolğun mənzərəsini vermək üçün son 3 ilin statistikasına istinad edən prorektor universitetimizə 2015/2016-cı dərs ilində 179, 2016/2017-ci dərs ilində 689, 2017/2018-ci ildə isə 613 nəfərin qəbul olunduğunu vurğuladı: “Universitetimizə daxil olan xarici tələbələrin sayının kəskin artmasının bir neçə səbəbi var, o cümlədən ATU-nun xarici ölkələrdə daha yaxşı tanınması və nüfuzunun artması, bəzi ölkələrdə (İraq) ATU-nun diplomunun dövlət səviyyəsində tanınması, ölkəmizdə olan sabitlik və əmin-amanlıq, həmçinin təhsil haqqının rəqabətli olmasıdır. Cari dərs ilində qəbul olunmuş əcnəbi tələbələrin sayının bir qədər azalması universitetimizin auditor fondunun və əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının məhdud olması ilə bağlıdır, bu rəqəm ATU-nun tədris hissəsi tərəfindən təyin edilir. Gələcəkdə həm auditor fondu, həm də əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının artması əcnəbi tələbələrin qəbulunun artırılmasına imkan verməlidir”.
Əvvəlki illərdə universitetimizə daxil olan əcnəbi vətəndaşların sayının çox olmaması səbəbindən onlarla bağlı məsələlərin tez və asan həllinin mümkünlüyünə toxunan prorektor bildirdi ki, son 2 tədris ilində qəbul üçün müraciət edən namizədlərin sayının artması bizim buna hazır olmamağımızı göstərdi: “Belə ki, qəbul zamanı nizamsızlıq və böyük növbələr müraciət edən əcnəbi vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda qəbul komissiyasının üzərinə böyük yük düşmüş, komissiya üzvləri çətin və gərgin iş şəraitində işləməli olmuşlar. Bu vəziyyətdən sui-istifadə etmiş bəzi şirkətlər və fırıldaqçılar bir qrup əcnəbi vətəndaşlara yalançı vədlər verərək onların pullarını mənimsəmişdir. Şübhəsiz ki, yuxarıda qeyd olunmuş hallar ATU-nun imicinə mənfi təsir göstərmişdir”.
Əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin ATU-ya daxil olması üçün Hazırlıq Kursunun təsis olunması və Hazırlıq Kursuna qəbulun ildə 2 dəfə aparılması təklifini şura üzvlərinin diqqətinə çatdıran N.Zeynalov qeyd etdi ki, bu kurs ATU-nun struktur vahidi olmayaraq Azərbaycan, ingilis, rus dili, fizika, kimya və biologiya üzrə dərslərdən ibarətdir. Kursun təşkili işinin xarici tələbələrlə iş üzrə dekanlığa, dərslərin aparılmasının isə müvafiq kafedralara həvalə edilməsi nəzərdə tutulur.
Məruzədə əksini tapan əsas təkliflərdən biri də namizədlərin qeydiyyatının yalnız elektron şəkildə xüsusi İnternet portal vasitəsilə aparılması və qəbul komissiyası tərəfindən İnternet üzərindən onlayn müsahibə yolu ilə seçilməsi oldu.
2015-ci ildə 285, 2016-cı ildə 195, 2017-ci ildə isə 246 nəfərin yay istehsalat təcrübəsini xaricdə keçirməsini tələbələrimizin beynəlxalq təcrübədən yararlanmağa marağının yüksək olması kimi dəyərləndirən prorektor onların daha çox Türkiyə və Almaniyaya üz tutduqlarını dedi: “Belə ki, 2015-ci ildə Türkiyəyə 250, Almaniyaya 33, digər ölkələrin hərəsinə 1 tələbə, 2016-cı ildə Türkiyəyə 116, Almaniyaya 72, Polşaya 3 tələbə, 2017-ci ildə isə Türkiyəyə 106, Almaniyaya 131, digər ölkələrin hərəsinə 1-2 tələbə getmişdir”.
O da bildirildi ki, bir çox xarici universitetlərdə tibb tələbələri üçün yay istehsalat təcrübəsi anlayışının olmaması, həmçinin, xaricdə təcrübə keçmək üçün müəyyən maddi vəsaitin tələb edilməsi tələbələr üçün ciddi maneələr yaradır.
Klinik rotasiyaların faktiki olaraq istehsalat təcrübəsini əvəz etdiyini söyləyən prorektorun sözlərinə görə, gələcəkdə ATU-nun proqramı qərb tibb təhsili standartlarına yaxınlaşdıqca mütləq yay istehsalat təcrübəsinin ləğv edilməsini də gözləmək olar.
N.Zeynalov universitetimizin mübadilə proqramları üzrə fəaliyyətinə də toxunaraq qeyd etdi ki, rezidentlərin mobilliyini nəzərə almasaq, universitetimizin mübadilə proqramlarında iştirak edən tələbə və müəllimlərimizin, eyni ilə universitetimizə mübadilə üçün gələn tələbə və müəllimlərin sayı azdır: “Buna əsas səbəb kimi universitetlər arasında olan təhsil proqramlarının çox fərqli olmasını düşünürəm. Buna görə bir çox tələbənin dərslərini eyniləşdirmək mümkün olmur. Həmçinin, mübadilə ilə bağlı məsrəflərin, Mevlana proqramının Azərbaycan üçün tibb istiqamətinin 2-ci ildir ki, bağlı olmasını, Erasmus + proqramının isə maliyyələşməsinin kəskin azalmasını mübadilələrin həyata keçirilməsinə əlavə maneə kimi görürəm. Buna baxmayaraq, universitetimizin tədris proqramlarının təkmilləşdirilməsi və qərb standartlarına yaxınlaşdırılmasını akademik mobilliyə qatılan tələbələrin sayının artması üçün əsas vasitənin olmasına inanıram”.
Heç şübhəsiz ki, işlə bağlı xarici səfərlər zamanı ortaya çıxan əsas problemlərdən birinin də maliyyə çətinliyi olduğunu söyləyən N.Zeynalov gələcəkdə universitetin maddi vəziyyəti imkan verəndə əməkdaşların elmi-praktik səfərləri üçün fond yaradılmasını təklif etdi.
Rektorun tapşırığı əsasında ilk növbədə ingilis dilində tədris aparan müəllimlərin ümümi ingilis dili biliyi səviyyəsinin ölçülməsinin planlaşdırıldığını şura üzvlərinin nəzərinə çatdıran prorektor universitetin beynəlxalq lahiyələrdə iştirakı, xarici universitetlərlə əməkdaşlığı, səfirliklər və missiyalarla münasibətləri barədə də ətraflı məlumat verdi. Çıxışının sonunda ona ünvanlanan sualları da cavablandırdı.
Məruzə ətrafında çıxış edən kliniki allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva, ağız və üz-çənə kafedrasının müdiri, professor Çingiz Rəhimov, təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov və II müalicə-profilaktika fakültəsinin tələbə-dekanı Məhərrəm Alimli hesabatı yüksək qiymətləndirərək universitetin xarici əlaqələri ilə bağlı fikirlərini söylədilər, mövcud problemlərdən danışaraq təkliflər irəli sürdülər.
Müzakirələrə yekun vuran S.Əliyev qısa müddətdə əcnəbi tələbələrin sayının 3-4 dəfə artmasını beynəlxalq əlaqələr üzrə işin birinci müsbət göstəricisi kimi dəyərləndirdi. O, beynəlxalq əlaqələr üzrə prorektor Nadir Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov və xarici tələbələrlə iş üzrə dekan Orxan İsayevin timsalında səriştəli bir komandanın formalaşdığını söyləyərək onların xaricdə təhsil alan, mükəmməl dil bilgilərinə malik mütəxəssislər olduğunu vurğuladı. Bu komandanın xarici tələbələrlə də yüksək səviyyədə ünsiyyət qurduğunu, universitetə qəbul zamanı ən layiqli namizədlərin seçildiyini deyən S.Əliyev xarici dildə dərsliklərin hazırlanmasının vacibliyini də önə çəkdi.
Xarici tələbələrlə işləyən müəllimlərin seçimi zamanı diqqətli olmağı tövsiyə edən Sabir Əliyev bildirdi ki, seçilən müəllimlərin pedaqoji ustalığı, əqidə saflığı, mədəniyyəti, davranışı, savadı və dil bilgiləri nəzərə alınmalıdır.
Müalcə-profilaktika və digər fakültələr üçün stomatologiya kafedrasının və bu kafedrada tədris olunan “Stomatoloji xəstəliklər” fənninin ləğvi barədə təklifi, eləcə də nevrologiya kafedrasının baş laborantı, t.ü.f.d. Kamran Salayevin tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya mövzusunu və elmi məsləhətçiləri (nevrologiya kafedrasının müdiri Ş.Mahalov və psixiatriya kafedrasının müdiri G.Gəraybəyli) təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.