Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d., cərrah-endokrinoloq Azər Hümmətov və ATU TCK-nın həkim və rezidentləri Şəki şəhərində olublar. Onlar “Endemik düyünlü urun profilaktikası məqsədi ilə məktəblilər arasında qalxanabənzər vəzin ultrasəs müayinəsi və sidikdə yodun ekskresiyasının miqdarının təyini” layihəsi çərçivəsində 15-17 yaşlı məktəblilər arasında qalxanabənzər vəzin xəstəliklərinin yayılma tezliyini müəyyən etmək üçün müayinələr aparıblar.
“Azərduz” markasının təşkilatçılığı ilə baş tutan layihənin rəhbəri Azər Hümmətovun sözlərinə görə, öncə məktəblilərə yodun orqanizmdə əhəmiyyəti, yodlaşdırılmış duzun istifadəsi haqqında maarifləndirici broşurlar paylanılıb. Daha sonra 100-ə yaxın şagirdin qalxanabənzər vəzisinin ultrasəs müayinəsi aparılıb: “Müayinə nəticəsində vəzidə dəyişilik aşkarlanmış şagirdlərdə sidikdə yodun miqdari analizi aparılıb. Bu da həmin bölgədə endemik urun ağırlıq dərəcəsinin və yod çatmazlığının dərəcəsinin aşkarlanması üçün effektli profilaktik tədbirlərin işlənib hazırlanmasına köməklik edəcək”.
Qeyd edək ki, layihənin məqsədi Şəki, Quba və Qəbələ bölgələrində gənc əhalinin kütləvi dispanzerizasiyası (klinik-laborator-instrumental) yolu ilə qalxanabənzər vəzin xəstəliklərinin yayılması səviyyəsinin öyrənilməsi, profilaktik-müalicə tədbirlərinin işlənilməsi, əhali və səhiyyə orqanları üçün praktik-metodik tövsiyələrin hazırlanmasıdır. Müayinələrin əsas məqsədi qalxanabənzər vəzin patalogiyalarının vaxtında aşkar etməkdir. Əhali arasında endemik düyünlü urun əmələ gəlmə səbəbləri araşdırılacaq, qalxanabənzər vəzin digər xəstəliklərinin profilaktikası aparılacaq. Bu xəstəliklər barədə əhali arasında tibbi maarifləndirmə, müvafiq tövsiyələr veriləcək. Alınmış nəticələrə əsaslanaraq bölgə həkimləri üçün profilaktik tövsiyələr təqdim olunacaq.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin təqribən 2 milyardı yod çatmazlığı olan bölgələrdə yaşayır. Dünyada 655 milyon insanda endemik ur, 43 milyonda əqli inkişaf geriliyi və 1570 milyon insanda yod çatışmazlığı xəstəliklərinin inkişaf riski mövcuddur. Yod çatışmazlığı insan sağlamlığına təsir edən ciddi patoloji dəyişikliklərə səbəb olur: endemik ur, hipotireoz, cinsi yetişkənlik və aybaşı funksiyasının pozulması, fertilliyin azalması, sonsuzluq, ginekoloji patologiyaların rast gəlmə tezliyinin yüksəlməsi, hamiləliyin və doğuşun gedişində ağırlaşmalar, tez-tez düşüklər və ölü doğuşlar, anadangəlmə anomaliyalar, fiziki və əqli inkişaf geriliyi baş verir. Son illərdə bütün dünyada düyünlü ur daxil olmaqla qalxanabənzər vəzin xəstəliklərinin rastgəlmə tezliyi son illərdə artmaqdadır. Düyünlü ur yod defisitli regionlarda daha çox aşkar edilir.