19-20 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Univesitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) “Qlobalizasiya və ali təhsildə yeni meyarlar” adlı konfransı keçirilir. Konfransa müxtəlif ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar qatılıb.
Tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli, ATU-nun Xarici tələbələrlə iş üzrə dekanı, dosent Orxan İsayev və Xarici tələbələrlə iş üzrə dekan müavini Nigar Ələkbərova da iştirak edib. Onlar qonaqlara ATU-dakı dərs prosesi, beynəlxalq əlaqələr, tələbələrə yaradılmış yeni şərait və klinikalar haqqında konfrans iştirakçılarına geniş məlumat veriblər. İki gün davam edəcək konfransda “Bilik transferinə müasir yanaşma: Fənlərarası tədqiqat və təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı” və “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” mövzuları müzakirə ediləcək.
Qeyd edək ki, Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.