Heydər Əliyev
Tibb bacısı/qardaşı işində ali təhsilin əhəmiyyəti: dünya təcrübəsi və ATU-nun yanaşması

Tibb bacısı/qardaşı işində ali təhsilin əhəmiyyəti: dünya təcrübəsi və ATU-nun yanaşması

     Müasir səhiyyə sistemində tibb bacısının/qardaşının fəaliyyəti yalnız həkim tərəfindən verilən göstərişlərin və tibbi prosedurların yerinə yetirilməsi ilə məhdudlaşmır. Tibb bacıları/qardaşları pasiyentin vəziyyətinin davamlı qiymətləndirilməsi, təhlükəli əlamətlərin vaxtında müəyyənləşdirilməsi, xəstə və onun ailəsi ilə düzgün ünsiyyətin qurulması, profilaktik tədbirlərin həyata keçirilməsi və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayırlar. Bu vəzifələrin peşəkar səviyyədə icrası isə sistemli və yüksək keyfiyyətli ali təhsil tələb edir.

    Dünyanın bir çox ölkəsində tibb bacısı/qardaşı işi müstəqil ali təhsil və elmi fəaliyyət sahəsi kimi formalaşıb. Avropa ölkələrində, Türkiyədə, Qazaxıstanda və digər dövlətlərdə tibb bacıları/qardaşları bakalavr, magistratura və doktorantura pillələrində təhsil almaq imkanına malikdirlər. Bu sistem tibb bacılarına/qardaşlarına yalnız klinik müəssisələrdə işləmək deyil, həm də tədris, elmi-tədqiqat, idarəetmə, ictimai səhiyyə və səhiyyə xidmətlərinin təşkili sahələrində fəaliyyət göstərmək imkanı yaradır. Ali təhsil tibb bacısının/qardaşının klinik düşünmə, müstəqil qərarvermə, komanda daxilində işləmə və sübutlara əsaslanan yanaşmalardan istifadə bacarıqlarını inkişaf etdirir. Belə hazırlığa malik mütəxəssis pasiyentin vəziyyətində baş verən dəyişiklikləri vaxtında qiymətləndirə, mümkün riskləri müəyyənləşdirə və həkimlə effektiv əməkdaşlıq edə bilir. Buna görə də müasir səhiyyədə tibb bacısı/qardaşı həkimin köməkçisi deyil, multidissiplinar komandanın üzvü kimi qəbul edilir.

   Azərbaycanda tibb bacısı/qardaşı işi üzrə ali təhsilin inkişafında Azərbaycan Tibb Universitetinin (ATU) mühüm rolu var. Universitetdə “Tibb bacısı/qardaşı işi” ixtisası üzrə bakalavr hazırlığına 2020-ci ildən başlanılıb. Dördillik təhsil proqramını başa vuran məzunlar bakalavr dərəcəsi əldə edir və təhsillərini magistratura, gələcəkdə isə doktorantura səviyyəsində davam etdirmək imkanı qazanırlar. ATU-da həyata keçirilən proqram yalnız klinik bacarıqların öyrədilməsinə əsaslanmır. Tələbələr fundamental və klinik fənlərlə yanaşı, elmi-tədqiqat, idarəetmə, liderlik, kommunikasiya, marketinq, pasiyent təhlükəsizliyi və ictimai səhiyyə istiqamətləri üzrə də bilik və bacarıqlar əldə edirlər. Bu yanaşma məzunların dəyişən səhiyyə mühitinə uyğunlaşmasına, daha müstəqil işləməsinə və peşəkar inkişafını davam etdirməsinə şərait yaradır.

    ATU-nun xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı da proqramın beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Türkiyənin Qazi və Ege universitetləri ilə həyata keçirilən tələbə mübadiləsi proqramları çərçivəsində ATU tələbələri bir semestr ərzində xaricdə təhsil və təcrübə keçirlər. Eyni zamanda, xarici mütəxəssislərin, alimlərin və peşəkar tibb bacılarının/qardaşlarının tədris prosesinə cəlb olunması tələbələrin beynəlxalq təcrübə ilə tanışlığını genişləndirir.

   Tibb bacısı/qardaşı işində ali təhsilin inkişafı səhiyyə xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə ATU-da həyata keçirilən tədbirlər Azərbaycanda müasir biliklərə, klinik təfəkkürə və peşəkar məsuliyyətə malik yeni nəsil tibb bacılarının/qardaşlarıının hazırlanmasına mühüm töhfə verir.

Paylaş

Dostlarınız ilə paylaşın.