Aprelin 20-də Bakıda Azərbaycan-Türkiyə IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı öz işinə başlayıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilən konfrans Türkiyə Bariatrik Cərrahlar Dərnəyi və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının birgə təşəbbüsü ilə baş tutub.
Konfransda açılış nitqi ilə çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev tədbirin mövzusunun həm tibb elmi, həm də cəmiyyət üçün aktual olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda əhalinin sağlamlığı baxımından ən önəmli məsələlərdən biri də piylənmədir. Bu problemin ölkəmizdə yayılmasınının qarşısını almaq, o cümlədən sağlam qidalanma, piylənməyə yol açan amillərlə mübarizədə əhalinin maarifləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsi çox vacibdir.
Millət vəkili, ATU-nun ictami nəzarət şurasının rəhbəri İlham Məmmədov Azərbaycanda səhiyyənin inkişaf etdiyini, insan sağlamlğının müdafiəsinin dövlət üçün prioritet məsələ olduğunu bildirdi. Milli Məclis üzvü qeyd etdi ki, məhz bu diqqətin nəticəsində ölkəmizdə ən müasir tibbi avadanlıqla təchiz edilmiş xəstəxanalar və tibbi müalicə ocaqları yaradılıb. ATU-nun nəzdində fəaliyyət göstərən klinikalar da həmin müəssisələr sırasındadır.
Sonra Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov çıxış edərək bu konfransın artıq beşinci ildir Azərbaycanda keçirildiyini bildirib: “Bu il artıq dördüncü bariatrik-metabolik konfrans təbabətin ən müasir nailiyyətlərindən biri olan metabolik cərrahiyyəyə həsr olunub. Tədbiri keçirməkdə əsas məqsədimiz dünyada aparılan əməliyyatların və tibb yeniliklərin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir protokollarla həkim və tələbələrimizi tanış etməkdir”.
T.Ömərov bildirib ki, toplantıda dünyanın səkkiz ölkəsindən gəlmiş 100-ə yaxın mütəxəssis iştirak edir. Konfrans Səhiyyə Nazirliyi tərəfindən 22 davamedici təhsil balı ilə akkreditasiya olunub və Dünya Bariatrik-Metabolik Cərrahlar Assosiasiyası tərəfindən ilk dəfə olaraq akkreditasiyadan keçərək rəsmi beynəlxalq status alıb.
Konfrans iki gün davam edəcək. Tədbirdə piylənmə cərrahiyyəsi, metabolik (II tip diabet) cərrahiyyə, metabolik xəstəliklər zamanı endokrinoloji müalicə və diyetoloji üsullar müzakirə olunacaq, dünyanın müxtəlif dövlətindən gəlmiş professorlar bizimlə öz təcrübələri ilə bölüşəcəklərlər. Ümumilikdə tədbirdə dünyanın yeddi ölkəsindən olan 14 alimin məruzələri dinləniləcək. Məruzə olunan məsələlər arasında “Biliopankreatik diversiya əməliyyatının 2 modifikasiyasının (duodenal Switch və SADİ-s) müqayisəli nəticələri”, “Metabolik cərrahiyyədə yeni metodların müqayisəli nəticələri”, “Piylənmənin cərrahi müalicəsi zamanı Laparoskopik steplersiz texniki modifikasiya olunmuş gastrik bupass”, “Həddindən artıq piylənməsi olan II tip şəkərli diabetli pasientlərin müalicəsinə multidissiplinar baxış”, “Bariatrik cerrahiyye sonrası abdominoplastika, lumpektomisi necə aparılır”, “Post Bariatrik dövrdə qidalanmaya bağlı problemlər və həlli” kimi aktual məsələlər var.