Böyük Elmi Şuranın aprelin 24- də keçirilən növbəti iclasını açan universitetin rektoru, professor Gəray Gəraybəyli əvvəlcə 11 Aprel- Prezident seçkilərində böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev cənablarını şura üzvlərinin və eləcə də çoxminli universitet kollektivi adından təbrik etdi. O, qeyd etdi ki, keçən 15 il ərzində ölkəmizin qazandığı uğurlar və nailiyyətlər ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyevin böyük idarəçilik təcrübəsi sayəsində əldə edilib. Prezidentin apardığı düzgün siyasət nəticəsində bizi qarşıdan gələn yeddi ildə də uğurlar gözlədiyini deyən rektor universitet kollektivi adından İlham Əliyev cənablarına təbrik məktubu göndərildiyini nəzərə çatdırdı.
Həyatda sevinclə- kədərin üst-üstə düşdüyünü söyləyən G. Gəraybəyli bu günlərdə Azərbaycan tibb elminin korifeylərindən biri, hamımızın müəllimi olan akademik Böyükkişi Ağayevin və uzun illər ölkə səhiyyəsinin təşkilində xüsusi əməyi olan, səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dünyasını dəyişdklərini bildirdi və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra gündəlikdə duran məsələlər diqqətə çatdırıldı. “Azərbaycan Tibb Universitetində 2017-cı il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun hesabatı dinlənildi.
Ölkə rəhbərliyinin milli səhiyyə və təhsil sistemlərinə xüsusi diqqət və qayğısı sayəsində universitetimizin 2017- ci ildə xeyli nailiyyətlər əldə etdiyini vurğulayan məruzəçi 2017-ci ildə Azərbaycan Tibb Universiteti Azərbaycan Respublikası Prezidentinin elmin inkişafına dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini, Elm və Təhsil sahəsində mühüm potensial əldə etdiyinə toxundu: “Ölkə rəhbərliyinin milli səhiyyə və təhsil sistemlərinə xüsusi diqqət və qayğısı sahəsində Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup universitet əməkdaşları fəxri adlara layiq görülmüşlər: III Daxili xəstəliklər kafedrasının dosenti Gülər Fətəliyeva, Məhkəmə Təbabəti кafedrasını assistenti Oleq Mirzəyev, Patoloji Fiziologiya kafedrasının dosenti Minurə Pənahi “əməkdar müəllim”, I cərrahi xəstəliklər kafedrasının assistenti Rüfət Əliyev , I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti Könül Xəlilova isə “əməkdar həkimi” fəxri adlаrına layiq görülmüşlər.
Fizioterapiya və idman təbabəti kafedrasının müdiri, professor. Əlişir Musayev (tibb ixtisasında) və normal fiziologiya kafedrasının müdiri, professor Arif .Məmmədov isə (fiziologiya ixtisasında) AMEA-nın müxbir üzvləri seçilmişlər.
AMEA-nın müxbir üzvü mikrobiologiya və immunologiya kafedrasının müdiri professor Zakir Qarayev Akademiyanın Mirəsədulla Mirqasımov mükafatı ilə təltif olunmuşdur.
Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunu artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətlərinə görə I mamalıq və ginekologiya kafedrasının professoru İslam Mahalov «AMEA-nın professoru» elmi adına layiq görülmüşdür.
2017-ci ilin noyabrında Bakıda Elmi İnkişaf üzrə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclasında elmin və təhsilin inkişafında nailiyyətlərə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademiyanın üzvü seçilmişdir.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə onkologiya kafedrasının müdiri akademik Əhliman Əmiraslanov «Şərəf» ordeni ilə təltif edilmişdir.
Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə kommunal və qidalanma kafedrasının professoru Maqsud Qasımov və Tədris-Cərrahiyyə Klinikasının otorinolarinqologiya şöbəsinin müdiri Yusif Hacıyev «Səhiyyə əlaçısı» döş nişanı ilə təltif edilmişlər”.
Sözunə davam edən R. Bəylərov kadr potensialına da toxundu: “2018-ci il yanvar ayının əvvəlinə olan məlumata əsasən, Azərbaycan Tibb Universitetində çalışan 1344 nəfərin 1204-ü professor-müəllim heyətidir. Onlardan 4-ü Rusiya Tibb Elmlər Akademiyasının akademiki, 1-i müxbir üzvü, 4-ü Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 7-si müxbir üzvü, 4-ü Dövlət Mükafatı Laureatı, 27-si əməkdar elm xadimi, 45-i əməkdar həkim, 39-u əməkdar müəllim, 2-si əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-si fəxri bədən tərbiyəsi və idman işçisi, 1-i əməkdar jurnalist, 178-i elmlər doktoru, 837-si fəlsəfə doktoru, 130-u professor, 349-u isə dosentdir”.
2017- ci ildə Azərbaycan Tibb Universitetində “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 59 elmi-tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdıran prorektor 2 mövzunun tamamlandığını, 57 mövzu üzrə elmi işin isə davam etdiyini dedi.
R.Bəylərov onu da bildirdi ki, 2017-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya, I cərrahi xəstəliklər, patoloji anatomiya, ağ ciyər xəstəlikləri, ümumi cərrahiyyə, histologiya, embriologiya və sitologiya kafedraları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən qrant layihələr və proqramlar üzrə işlər aparıblar.
Bundan əlavə, universitet ali təhsil sahəsində Avropa İttifaqı, Mərkəzi və Şərqi Avropa ölkələri ilə Şərqi Asiya ölkələri arasında əməkdaşlıq üzrə TEMPUS TASİS proqramına görə Transavropa əməkdaşlığının üzvüdür. Layihədə Azərbaycan universitetlərinin tələbə və əməkdaşlarının xarici ölkələrdə təcrübə keçməsi nəzərdə tutulur.
“Ali məktəblərin əsas məqsədi keyfiyyətli təhsil vermək, beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq və dünya universitetləri reytinqində mümkün qədər yüksək ranqa nail olmaqdır” – deyən prorektor bu nöqteyi-nəzərdən ATU-nun Beynəlxalq Universitetlər Reyestrinə daxil edilməsi, Qara Dəniz hövzəsi ölkələri universitetləri şəbəkəsi çərçivəsində özünəməxsus yer tutması, Avropa universitetləri sırasına tam hüquqlu üzv seçilməsi, beynəlxalq proqramlarda iştirak etməsini universitetimizin getdikcə artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi.
ATU-nun beynəlxalq əlaqələrinin də günün tələbləri səviyyəsində qurulduğunu diqqətə çatdıran R.Bəylərov hazırda bu təhsil ocağının dünyanın 87-yə yaxın nüfuzlu ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra universitetlərlə fəal tələbə və mütəxəssis mübadiləsi apardığını söylədi.
2017- ci ildə elmi-tədqiqat işlərinin nəticələrinin 7 monoqrafiya və kitabda (biri xaricdə), 18 dərslikdə, 26 dərs vəsaitində, 3 kitabça və sorğu ədəbiyyatında, 7 elmi əsərlər məcmuəsində, 1645 elmi işdə (694 elmi iş xaricdə, 951 elmi iş respublikada), 16 metodik tövsiyədə, 9 Avrasiya patentində, 3 respublikamızın patentində öz əksini tapdığını bildirən prorektor 2017- ci ildə universitetin əməkdaşları tərəfindən dünyanın nüfuzlu elmi jurnallarında 105 məqalənin dərc olunduğunu və onların elmi əsərlərinə 57 dəfə istinad olunduğunui vurğuladı.
R.Bəylərov 2012-ci ildən etibarən Mövlana mübadilə proqramı üzrə Türkiyənin 18 universiteti ilə müqavilə imzalandığını diqqətə çatdırdı: “Mübadilə proqramına dair aparılan sorğu nəticəsində həm qəbul edən universitet, həm də qonaq gələn alimlər bu təcrübəni yüksək qiymətləndirmiş, hər 2 tərəf üçün faydalı olduğunu bildirmişlər.
Hesabat ilində türkdilli dövlətlərin əməkdaşlıq şurasının nümayəndə heyəti ATU-da qonaq olub və Erasmus Mundus, Mövlana mübadilə proqramları, onların icrası ilə bağlı mövcud durum haqqında müzakirə aparmışlar”.
Prorektorun sözlərinə görə, 2017- ci ildə xarici ölkələrdə keçirilən 185 müxtəlif elmi konfrans, konqres və simpoziumlarda ATU-nun 242 əməkdaşı iştirak etmişdir. Respublikamızın beynəlxalq miqyasda artan nüfuzunun nəticəsidir ki, universitetdə bir çox beynəlxalq konqres və konfranslar, müxtəlif məzmunlu görüşlər keçirilir
R. Bəylərov xatırlatdı ki, ABŞ-ın Milli Səhiyyə İnstitutu Foqarti Beynəlxalq Mərkəzinin maliyyələşdirdiyi, 2014-2019-cu illəri əhatə edən Qlobal Psixi Sağlamlıq və İnkişaf Pozulmaları üzrə tədqiqatçı yetişdirmək proqramına uyğun olaraq psixiatriya kafedrasının əməkdaşlarının Harvard Tibb Məktəbi və Boston Uşaq Xəstəxanasında uzun müddətli təlim və ixtisaslaşma kurslarında iştirak edirlər.
İxtisaslı mütəxəssislərin hazırlanmasında tələbə elmi işlərinin çox mühüm əhəmiyyət daşıdığını deyən R.Bəylərov qeyd etdi ki, 2017- ci ilin 2-3 noyabrında ATU-nun təşkilatçılığı ilə tələbə və gənc həkimlər üçün IV Beynəlxalq Tibb Konqresi keçirildi. Konqresə 450-dən cox elmi məqalə və tezislər daxil olmuşdur ki, bunlardan da 54-ü xarici ölkə universitetlərində təhsil alan tələbələr, gənc həkimlər və professorlara məxsus idi. Konqresdə Türkiyə, Rusiya, Almaniya, ABŞ, İran, İraq, Özbəkistan Meksika və Pakistandan qatılmışdır.
Hazırda bütün fakültələr üzrə növbəti konfransların keçirilməsi məqsədlə müəllim və tələbələrdən ibarət təşkilat komitəsi yaradılmışdır”.
ATU-nun Əsaslı Kitabxanasınının fəaliyyətinə də toxunan prorektor elektron kitabxananın yaradılması işinin hal-hazırda mövcud beynəlxalq elektron nəşrlərinin oxuculara təqdim olunması formasında həyata keçirildiyini bildirdi: “Azərbaycan tibb elmi bu gun dünya səviyyəsində bir inkişaf yolundadır. Artıq 3 ildir ki, ATU-da elektron kitabxananın yaradılması üzrə işlər aparılır. İRBİS – 64 avtomatlaşdırılmış kitabxana proqramı çərçivəsində yaranmış elektron kitabxanaya ədəbiyyatlar yazılmış və elektron kataloqa salınmışdır. 2017- ci ildə kitabxana fondunun elektron kataloquna 1587 kitab, 2900 qəzet və jurnal məqaləsi daxil edilmişdir Hazırda kitabxananın fondları üzrə 630030 kitab vardır”.
R.Bəylərov çıxışının sonunda xalqımızın sağlamlığı keşiyində dayanmaq kimi humanist bir vəzifə sahibi olduqlarını heç vaxt unutmayan universitet əməkdaşlarının bundan sonra da yorulmadan səhiyyənin inkişafına, yeni tibb mütəxəssislərinin hazırlanmasına layiqincə xidmət göstərəcəklərinə əminliyini vurğuladı.
Məruzə ətrafında çıxış edən professorlar Yaqub Qurbanov, Vəsadət Əzizov, Amaliya Əyyubova və Nailə Sultanova hesabatı qənaətbəxş qiymətləndirdilər. Onlar universitetin elmi istiqamətdəki uğurları ilə yanaşı mövcud problemlərdən də söhbət açdılar. Natiqlər bu problemlərin həll edilməsində öz təklif və rəylərini dilə gətirdilər.
Müzakirələrə yekun vuran rektor kafedralarda dərc olunmuş elmi məqalələrə və dissertasiya işlərinə diqqəti yönəltdi: “Mən hansı ki, elmi işləri yüksək səviyyədədir o kafedra müdirlərinə xüsusi təşəkkürümü bildirirəm. Çünki biz universitetimizi təmsil edəndə elə olur ki, hər zaman eyni kafedraların elmi nəticələrini ön plana çıxarırıq. Amma elələri də var ki, orada çox zəif iş aparılır. Hətta deyərdim ki, elmi işin vəziyyəti çox aşağı səviyyədədir. Proqamları təkmilləşdirmək və yeniləşdirmək haqqında məsələlər müzakirə olunanda bu məsələni qəbul etmək istəmədilər. Kafedra müdirləri bunu onunla əsaslandırdı ki, müəllimlər yeni proqramla tələbələrə tədris edə bilmirlər. Belə olan halda, hesab edirəm ki, bu cür kafedraları bağlanması vacibdir.
Burada bir neçə məsələlər haqqında da danışıldı. Yenə də universitetimizdə ildən-ilə aparılan işlər əlbəttə yüksək qiymətə layiqdir. AMEA-nın Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi xüsusi tibb elminə həsr olunmuş sessiyasında Tibb Universitetinin bir çox əməkdaşları çıxış etdi və bir çox elmi nəticələr müzakirə edildi.”
Müasir dövrdə elmi-tədqiqat işlərinin hansısa bir kafedra, laboratoriya çərçivəsində yerinə yetirilməsinin mümkünsüzlüyünü, artıq bu məsələlərin beynəlxalq səviyyədə öz həllini tapmalı olduğunu şura üzvlərinin diqqətinə çatdıran rektor bildirdi ki, bütün universitetlərin öz tədqiqat işlərini müştərək olaraq yeni problemlərə yönəltməsi günün tələbidir.
Digər məsələlər haqqında da söhbət açan G. Gəraybəyli müdafiə şuralarında baş verən nöqsanları önə çəkdi: “Bəzən kamerlar vasitəsi ilə hər çıxışı aydın eşidirəm. Çox təəssüflə qeyd edə bilərəm ki, istisna halları kənara qoysaq, şura üzvləri sədrdən iclasın saat neçədə qədər qurtarmasını soruşurlar. Belə münasibətlə Şuraya gələn adamdan hansı elmi müzakirələri gözləmək olar? Bəli, bu göz qabağında olan bir faktdır. Mən hesab edirəm ki, peşəkar mütəxəssislərimiz hələ də Müdafiə Şurasının üzvü deyillər. Buna Elmi Şuranın üzvləri diqqətlə yanaşmalıdır. Heç kimi bu şuranın üzvü olmağa məcbur etmirik.”
Universitetimizdə keçirilən konfranslara da toxunan G. Gəraybəyli bu sahədəki problemlər üzərində xüsusi dayandı: “Çox sevindirici haldır bizim klinikalarda hər gün hansısa konfrans, seminar və ya tədbir keçirilir. Bu bir tərəfdən sevindirici hal olsa da amma onların bəziləri formal xarakter daşıyır. Çünki bu tədbirlərdən bəzən nə rektoryanı şöbənin, nə rektorun xəbəri olmur.
Mənə hansısa şirkətdən iki məktub gəlmişdi. Mən prorektorları dəvət etdim. Onların bu şirkətlər haqqında məlumatı olmadıqlarını dedilər. Bəzən onların hansı mövzuda seminar kerçirdikləri də bəli deyil? Bu cür hallar təəsüf ki, çoxdur. Bizim xaricdə oxuyan, tədris təcrübəsi alan alimlərimiz çoxdur. Onların təcrübəli elmi rəhbərləri, yüksək səviyyəli professoru ölkəmizə gətirmək çox yaxşı haldır. Amma hansısa çərçivədə keçirilən seminara beynəlxalq seminar adı vermək düzgün deyil. Biləsiniz ki, klinikada aparılan hər hansı beynəlxalq tədbirə birbaşa klinika rəhbəri məsuliyyət daşıyır.
Sizdə belə bir təssəvvür yaranmasın ki, keçirilən tədbirlərin qabağını alırıq. Əsla yox. Bacarırsınız ikiqat artıq keçirin. Amma bu tədbirlər qayda-qanun çərçivəsində olmalıdır.
Elmi hissəyə müraciət edilməli və tədbrin proqramı tərtib olunmalıdır. Onların arasında xaricdən gələnlər varsa Səhiyyə Nazirliyinə müraciət olunmalı, onlar da Miqrasiya İdarəsinə müraciət etməlidirlər. Biz təhlükəli bir dövrdə yaşayırıq. Nə bilirik, xaricdən kim gəlir, nə məqsədlə gəlir? Bu məsələyə ona görə diqqətinizi cəlb etmək istərdim.
Sevindirici haldır ki, müəllimlər, tələbələr əksər hallarda konfranslarda çıxış edirlər. Amma elə konfrans adı ilə keçiriləcək tədbirlərin mahiyyətinə varanda əks situasiya ilə üzləşirsən. Cərrahiyyə kafedrasından 6 nəfər müraciət edib ki, biz konfransa gedirik. Mən araşdırmaya başlayanda dedilər ki, artıq konfrans keçirilən məkandayıq. Ona görə konfransda iştirak etmək istəyənlər 2 həftə öncə müraciət etməlidir.
Bilirsiniz ki. universitetimiz təsərrüfat hesablı fəlaiyyət göstərir. Aparılan abadlıq işləri, tələbələrin təqaüdləri və s. qazandığmız hesabdan gedir.
Bəzən edilən müraciətlərdə qeyd olunur ki, hansısa ölkəyə gedir, bir həftəlik və ya bir aylıq, maaşlarının saxlanmasını xahiş edirlər. Artıq mühasibatlıqla da razılaşdırılıb. Maksimum bir həftəliyə konfransa gedənlərin maaşları saxlanacaq. Bir həftədən yuxarı icazə verilən əməkdaşların maaşı olduğu kimi saxlanılmayacaq. Mən də hesab edirəm ki, universitetdə elmi işlər yaxşı gedir. Amma bu sahənin təkmilləşdirilməsi üçün hələ nöqsanlarımız var. Kafedra mərhələsindən başlayıb Tələbə Elmi Cəmiyyəti səviyyəsindən dissertasiya, müdafiə şurasına qədər bizim mövcud problemlərimiz var. Əminəm ki, gələcəkdə onların həll olunmasına çalışacağıq” .
Bundan başqa bir sıra mmüxtəlif məsələlər də münasibət bildirən G.Gəraybəyli çıxışlarda səslənən digər fikilərə də aydınlıq gətirdi.
Sonra şura üzvləri müzakirəyə təqdim edilmiş gizli rəyin nəticəsi müsbət olan, düzəlişlərə ehtiyac olmayan fənn üzrə 2 tədris proqramının, gizli rəyin nəticəsinə görə, düzəlişlər edildikdən sonra dərc oluna bilən 6 dərslik, 3 dərs vəsaiti, 6 metodik vəsait və 1 metodik tövsiyəninin əlyazmalarını təsdiqlədi.
Sonda ATU-nun İdman Kompleksini- Tədris İdman Kompleksi kimi adlandırılmasını təsdiqləyən şura üzvləri müzakirəyə çıxarılan universitetin ilk himnini də qəbul etdi. Bundan başqa Cəbrayıl Məmmədovu terapevtik və pediatrik propedevtika kafedrasının məsləhətçi- professoru olmasını dəstəkləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.