Azərbaycan Tibb Universitetinin həkimləri mütəmadi olaraq Azərbaycanın bölgələrində əhali arasında kütləvi müayinələrə iştirak edirlər. İndiyədək müxtəlif rayon və şəhərlərdə əhalini narahat edən xəstəliklərlə bağlı aksiyalar təşkil olunub. Bu dəfə belə aksiya Quba və Qəbələ şəhərlərində keçirilib.
Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d., cərrah-endokrinoloq Azər Hümmətovun başçılığı ilə universitetin Tədris Cərrahiyyə Klinikasının həkim və rezidentləri hər iki şəhərdə müayinələr keçiriblər. Onlar 15-17 yaşlı məktəblilər arasında qalxanabənzər vəzin xəstəliklərinin yayılma tezliyini müəyyən etmək üçün müayinələr aparıblar.
Müayinələr “Endemik düyünlü urun profilaktikası məqsədi ilə məktəblilər arasında qalxanabənzər vəzin ultrasəs müayinəsi və sidikdə yodun ekskresiyasının miqdarının təyini” layihəsi çərçivəsində baş tutub. “Azərduz” markasının təşkilatçılığı ilə baş tutan layihənin rəhbəri Azər Hümmətovun sözlərinə görə, öncə məktəblilərə yodun orqanizmdə əhəmiyyəti, yodlaşdırılmış duzun istifadəsi haqqında maarifləndirici broşurlar paylanılıb.
Daha sonra 100-ə yaxın şagirdin qalxanabənzər vəzisinin ultrasəs müayinəsi aparılıb: “İlkin müayinələr nəticəsində orta yod çatışmazlığı bölgəsinə uyğun göstəricilər müəyyən edilib. Ultrasəs müayinəsinin nəticəsində həmin bölgənin məktəblilərində qalxanabənzər vəzin kolloid düyünləri daha çox askar edilib. Müayinə nəticəsində vəzidə dəyişiklik aşkarlanmış şagirdlərdə sidikdə yodun miqdari analizi aparılıb.”.
A.Hümmətov bildirir ki, bu cür müayinələrin təşkilinin böyük faydası var. Çünki aparılan müayinə və analizlər həmin bölgədə endemik urun ağırlıq dərəcəsinin və yod çatmazlığının dərəcəsinin aşkarlanması üçün effektiv profilaktik tədbirlərin işlənib hazırlanmasına köməklik edəcək.
Yod çatışmazlığı ilə bağlı xəstəliklər aktuallığını itirmir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin təqribən 2 milyardı yod çatmazlığı olan bölgələrdə yaşayır. Dünyada 655 milyon insanda endemik ur, 43 milyonda əqli inkişaf geriliyi və 1570 milyon insanda yod çatışmazlığı xəstəliklərinin inkişaf riski mövcuddur. Yod çatışmazlığı insan sağlamlığına təsir edən ciddi patoloji dəyişikliklərə səbəb olur. Son illərdə bütün dünyada düyünlü ur daxil olmaqla qalxanabənzər vəzin xəstəliklərinin rastgəlmə tezliyi son illərdə artmaqdadır.
Qeyd edək ki, bundan əvvəl Şəkidə də müayinələr keçirilib. Layihənin məqsədi Şəki, Quba və Qəbələ bölgələrində gənc əhalinin kütləvi dispanzerizasiyası (klinik-laborator-instrumental) yolu ilə qalxanabənzər vəzin xəstəliklərinin yayılması səviyyəsinin öyrənilməsi, profilaktik-müalicə tədbirlərinin işlənilməsi, əhali və səhiyyə orqanları üçün praktik-metodik tövsiyələrin hazırlanmasıdır. Müayinələrin əsas məqsədi qalxanabənzər vəzin patologiyalarının vaxtında aşkar etməkdir.