Mayın 2-də əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə başlanan elmi konfrans bu dəfə fərqli formatda öz işinə başlayıb. Konfarans iştirakçılarının diqqətinə tələbələrin hazırladığı elmi məruzələrlə yanaşı, posterlər də təqdim olunub.
TEC-in rəhbəri Nərgiz Məmmədova öz çıxışında bildirib ki, universitet rəhbərliyi TEC-in fəaliyyətinə daim diqqət göstərir və önəm verir. Bu konfransın təşkilinində əsas məqsədin istedadlı tələbələri üzə çıxarmaq, onları dəstəkləmək və elmə olan həvəslərini daha da artırmaq olduğunu qeyd edib: “Bu gün qalib olan 10 tələbə payızda univerisitet səviyyəsində keçirilən konfransa vəsiqə qazanacaqdır. Onların məqalələri ilk dəfə konfransın toplusunda dərc olunacaq. Hər il keçirdiyimiz konfransı müxtəlif şirkətlər dəstəkləyir. Bu konfransı bu dəfə “AzeriMed” şirkəti dəstəkləyir”. O, konfransda çıxışların iki formatda - oral və poster formatında təqdim olunacağını qeyd edib.
Sonra əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov çıxış edərək bildirib ki, bu il universitet rəhbərliyinin təhsil sahəsinə göstərdiyi müstəsna diqqətin məntiqi nəticəsi olaraq, fakültə TEC-nə təqdim olunan məruzələrin sayı xeyli artıb. Konfransda əczaçılıq fakültəsi ilə yanaşı, I-II müalicə-profilaktika fakültələri tələbələrinin də oral və poster çıxışlarının dinləniləcəyini söyləyib.
Konfransda oral təqdimatda tələbələrdən Tükəz Əlizadənin “Azərbaycanda uğurlu sosial-iqtisadi inkişaf Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”, Mohammed Xalil Qasimin ”DNT həyatın gizli sirri kimi”, Hüseyn Kazımzadə və Süsən Abbasovanın “Veronica aquatica L. növündə flavonoidlərin spektrofotometriya üsulu ilə miqdarı təyini”, Familə Hacıyevanın “Adi üzərlik (Peganium harmala) bitkisinin alkoloidlərinin ilkin tədqiqi”, Tamilla Qəhrəmanzadə və Arzu Əliyevanın “Uzunyarpaq yarpız (Mentha lonqifolia L.) bitkisinin yarpağının anatomik və efir yağının anti-mikrob tədqiqi”, Azər Əlizadənin “Adi göyrüş və tikanlı odotundan alınan bioloji aktiv qarışıqların hipoksiyaya uğramış heyvanların baş beyin strukturlarında və qanda antioksidant sistemin fermenti olan qlutation – S-transferazanın aktivliyinə təsiri”, Günel İsgəndərovanın “Yüksək effektivli maye xromatoqrafiya üsulunun əczaçılıq analizində tətbiqi”, Günel Qədimovanın “Bəzi optik fəal amin turşuların polyarimetriya ilə təyini”, Aygül Məmmədlinin “Türkiyə və Avropa dövlətlərinin tibb universitetlərində latın dilinin tədrisi”, Qəmər Məmmədbəylinin “Quruluş və bioloiji fəallıq arasında asılılıq”, Seyidağa Abbaszadənin “Bəzi Bakı apteklərində mercandayzing prinsipi və qaydalarının tətbiqi səviyyəsinin öyrənilməsi”, Arzu Fərmanlının “Avropanın Vitali-Moren reaksiyası əsasında spektroskopiya ilə təyini” və Elvin Nağıyevin “Qısagövdə esparest bitkisinin bəzi farmakoqnostik tədqiqi” ilə bağlı hazırladıqları məruzələr və poster çıxışlar mütəxəssislərin böyük marağına səbəb olub. Konfrans geniş diskussiya və sual-cavab şəraitində öz işini başa çatdırıb. Sonda qalib tələbələrə sertifikatlar təqdim olunub.