ATU-nun cərrahları nüfuzlu beynəlxalq konqresdə təcrübəmizi bölüşüblər

Bu günlərdə  Avropanın qədim ölkələrindən olan Yunanıstanın paytaxtı Afina şəhərində bariatrik-metabolik cərrahyəyə dair böyük toplantı – “8-th İFSO -EU Chapter Congress and 4-th  MOSS meeting” keçirilib. Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. Tariyel Ömərov və  Dərnəyin katibi, ATU-nun Cərrahi xəstəliklər kafedrasının əməkdaşı Elçin Abdinov bu konqresdə iştirak ediblər.

 

Dünyanın 60-dan çox ölkəsindən dəvət olunmuş 100-ə yaxın Bariatrik-Metabolik Cərrahiyyə üzrə mütəxəssislərin məruzəçi qismində qatıldığı bu möhtəşəm konqres işini effektiv planlayıb. Tədbirdə ümumilikdə 600-dan çox cərrah iştirak edib.

 

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri  Tariyel Ömərov konqresin elmi gündəliyində “ The comparative analysis of sleeve gastrectomy with and without antrumectomy” mövzusu ilə bağlı çıxış edib, bu sahədəki təcrübəsini bölüşüb. T.Ömərovun sözlərinə görə, milli dərnək nümayəndəsi qismində Afinada təşkil olunan bu konfransda dünya şöhrətli professorların işləri, həmçinin bariatrik-metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə  yaxından tanış olublar, eyni zamanda öz təcrübələrinə dair fikir mübadiləsi aparıblar:

 

“Məlumdur ki, biz dörd ildir ki, bu sahədə yeni modifikasiya tətbiqedirik. Baritrik-metabolik cərrahiyyədə bir yenilik olan bu metodu 3 il öncə İFSO və digər konqreslərdə də təqdim etmişiik. İlk dəfə Vyanada bu kiçik modifikasiyanın əhəmiyyəti haqqında danışmışdıq. İndi isə artıq əldə etdiyimiz effektiv nəticələri paylaşırıq. Düşünürük ki, önünümzdəki Beynəlxalq tədbirlərdədə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahənin ölkəmizdə daha da irəli getməsinə nail olacağıq”.

 

Dərnək sədri eyni zamanda ölkəmizdə İFSO–nun (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) təmsilçisi kimi beynəlxalq tədbirin son günündə idarə heyətinin ümumi toplantısında iştirak edib, gələck konqreslərin təşkili ilə bağlı məsələlərin müzakirəsinə qatılıb. Tədbirin sonunda Dərnəyin loqosunu özündə əks etdirən hədiyyə İFSO katibliyinə təqdim edilib.

 

Konfrans “ECME” tərəfindən akkreditasiya olunaraq 14 ECME balı ilə qiymətləndirilib. Dərnək sədri T.Ömərov gələcəkdə bu səviyyəli beynəlxalq tədbirlərin ölkəmizdə təşkil olunacağına əmindir.