
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşının “Synthesis, crystal structure and Hirshfeld surface analysis of (3aSR,10RS,10aRS)-2-(4-iodophenyl)-1-oxo-5-tosyl-1,2,3,3a,4,5,10,10a-octahydropyrrolo[3,4-b]carbazole-10-carboxylic acid–ethanol (4/1)” adlı məqaləsi “Acta Crystallographica Section E: Crystallographic Communications” jurnalında dərc olunub. ATU-nun Elmi Araşdırmalar Mərkəzinin Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənovun məqaləsinin yer aldığı jurnal “Web of Science” beynəlxalq indeksləşdirmə bazasında Q4 (quartile) səviyyəsinə və 0,6 impakt faktoruna malikdir.
Məqalədə qeyd olunan birləşmənin sintezi, kristal quruluşu və s. ilə bağlı tədqiqat nəticələri təqdim edilir. Müəyyən olunub ki, bu birləşmə iki kristalloqrafik cəhətdən müstəqil molekul və həlledici etanolun bir molekulunu özündə birləşdirir. Kristalda O—H⋯O və C—H⋯O hidrogen bağları molekulları R4 4(23) halqa motivlərindən ibarət üçölçülü memarlıq quruluşunda birləşdirir. C—H⋯π (halqa) qarşılıqlı təsirləri və paralel halqalar arasındakı π–π stekinq qarşılıqlı əlaqələri isə kristal quruluşunun sabitliyinin və qablaşdırılmasının möhkəmlənməsinə töhfə verir.
ATU professoru tərəfindən aparılan bu tədqiqat molekulyar quruluşların daha dərindən öyrənilməsinə, kristalloqrafiya və tibbi kimya sahəsində elmi biliklərin inkişafına mühüm töhfə verir. Fundamental elmi araşdırmaların genişləndirilməsi və innovativ yanaşmaların təşviqi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Məqsəd 4 – Keyfiyyətli təhsil və Məqsəd 9 – Sənaye, innovasiya və infrastruktur istiqamətləri ilə uyğunluq təşkil edir. Bu cür tədqiqatlar elmi potensialın artırılmasına, yeni biliklərin formalaşdırılmasına və gələcək tətbiqi araşdırmalar üçün möhkəm elmi əsasların yaradılmasına xidmət edir.