Çikaqo Dövlət Universitetinin professoru, tanınmış mikrobioloq Nadim Fazal Azərbaycan Tibb Universitetinin mikrobiologiya kafedrasına işə başlayır. Mikrobiologiya ilə yanaşı, immunologiya, infeksion xəstəliklər və fiziologiya sahəsində mütəxəssis olan Nadim Fazal 4 ay müddətində kafedrada çalışacaq, elmi tədqiqatlar aparacaq, həmçinin mühazirələr və praktik dərslər keçirəcək.
Qonaqla görüşdə ATU-nun mikrobiologiya kafedrasının professoru Akif Qurbanov dünya miqyaslı alimin ATU-da dərs keçəcəyindən çox məmnun olduğunu bildirdi və onunla əməkdaşlığın uzun müddət davam edəcəyinə ümid etdiyini bildirdi.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov professor Nadim Fazalın ABŞ Dövlət Departamentinin Fulbright prqoramı çərçivəsində universitetdə qonaq olduğunu bildirdi: “İndiyədək Fulbright prqoramı ilə ATU-ya müxtəlif sahə üzrə alim və mütəxəssislər təşrif buyurub. Bundan öncə ictimai səhiyyə üzrə mütəxəssis bütöv bir semestr ATU-da olmuşdu. Fulbright proqramı üzrə növbəti qonağımız olan professor Nadim Fazal mikrobiologiya və immunologiya üzrə ixtisaslaşıb. İnanırıq ki, onun keçirəcəyi dərslər ATU tələbələrinin faydalı biliklər əldə etməsinə yardımçı olacaq”.
Çikaqo Dövlət Universitetinin professoru Nadim Fazal dəvət üçün təşəkkürünü bildirərək təmsil etdiyi ali məktəb haqqında məlumat verdi. Onun sözlərinə görə, bu universitet ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və Alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. ABŞ-da ən böyük universitet nəşriyyatı da məhz bu təhsil ocağında yerləşir. Çikaqo Universitetinin kampusunun ərazisində ümumilikdə 243 bina yerləşir.
Amerikalı professor N.Fazal ATU-da olacağı müddətdə həm öyrədəcəyini, həm də özünün öyrənəcəyini bildirdi. O, ABŞ-ın İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzi ilə əməkdaşlıq çərçivəsində həm də araşdırmalar aparacaq, ATU-nun mikrobiologiya və immunologiya kafedralarındaki dərs prosesini izləyəcək.