Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin dekanlıq nümayəndələri I kurs tələbələri ilə görüşdü. Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov çıxış edərək, valideynləri və tələbələri təbrik etdi: “Tələbə adını qazanmaq çox vacib hadisələrdən biridir. Hamınıza bu şərəfli peşədə uğurlar diləyirəm”.
Dekan K. Yaqubov tələbələrə Əczaçılıq fakültəsi barədə məlumat verdi. O bildirdi ki, fakültə daxilində 7 kafedra fəaliyyət göstərir. Bunlar Əczaçılıq texnologiyası və idarəçiliyi, Farmakoqnoziya, Farmakologiya, Əczaçılıq kimyası, Biofiziki və Bioüzvi kimya, Ümumi və toksikoloji kimya və İctimai fənlər kafedralarıdır: “Son illər ölkəmizdə ali təhsil sahəsində aparılan islahatlar əczaçılıq fakültəsinin fəaliyyətində də öz əksini tapıb. Bu islahatlarla əlaqədar, fakültədə çoxpilləli təhsil sisteminə keçirilib. 2004-cü ildə fakültədə təhsil müddəti 4 ilə endirilib, məzunlara bakalavr diplomu verilib. Hazırda fakültənin ən fəal məzunları əczacılıq texnologiyası, əczaçılıq kimyası, toksikoloji kimya və farmakoqnoziya ixtisasları üzrə magistraturada təhsillərini davam etdirirlər”.
Dekan Kamandar Yaqubov yeni tələbə adını qazanmış gənclərə dərs keçəcəyi korpusların yerini, ATU-daki dərs, imtahan sistemini izah etdi. Həmçinin fakültədə, universitetdə aparılan isahatlardan, yeniliklərdən də danışdı.
Qeyd edək ki, görüşdə tələbələrə konvert təqdim olundu. Konvertdə tələbələrin tələbə biletləri, müqavilələrinin bir nüsxəsi, universitetin himni tələbələrin istifadəsi üçün qoyulub.