Kursantlarımız hərbi and içdilər

Sentyabrın 16-da Mərkəzi Hərbi Klinik Hospitalın həyətində Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin I və V kurs kursantlarının andiçmə mərasimi oldu. Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov, toplantı rəisi, tibbi xidmət polkovnik-leytenantı Qabil Hüseynova andiçməyə başlamaq üçün əmri verdi.

 

Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni oxundu. Hərbi And kursantlar tərəfindən təntənəli şəkildə səsləndirildi. Kursantların andiçməsi başa çatdıqdan sonra Ç.Əlləzov onları bu əlamətdar gün münasibətlə təbrik etdi. 
Hərbi təhsil idarəsinin rəis müavini, polkovnik Elnur Məmmədov da çıxış edərək kursantlara bu çətin və şərəfli peşədə uğurlar arzuladı.

 

Kursant Kərəm Məmmədov V kurs kursantları adından ilkin təlim toplanışı dövründə onlara qayğı ilə yanaşan Hərbi Tibb Fakültəsinin zabit, gizir və müəllim heyətinə öz minnətdarlığını bildirdi: “Mən əminəm ki, sizin bütün etimadlarınızı doğruldacaq, vətənimizə və millətimizə layiqli hərbi həkim olacağıq.

 

Biz gənclər ulu öndərimiz Heydər Əliyevin varisləriyik. Ulu Öndərimizin təməlini qoyduğu hərbi tibb fakültəsi Ali Baş Komandan cənab İlham Əliyevin diqqəti nəticəsində fəaliyyət göstərir və savadlı hərbi həkim kadrları hazırlayır.
Biz də öz növbəmizdə Silahlı Qüvvələrin inkişafına öz töhfəmizi verməklə həkimlik borcumuzu yerinə yetirməyə və Vətənimizin müdafiəsində şərəflə durmağa söz veririk.
Artıq bu gündən etibarən hərbi tibb fakültəsi kursantı olaraq Azərbaycan Respublikası Silahlı qüvvələri sırasına daxil olduq.

 

Bütün ruhumuzla, qəlbimizlə bu müqəddəs formaya, eləcə də Azərbaycan Ordusu sıralarına layiq olduğumuzu sübut edəcəyik”.

 

Valideynlər adından çıxış edən İmanxan Şahbazov komandanlığa və şəxsi heyətə təşəkkürünü çatdıraraq bu gün sədaqət andı içən kursantların gələcəkdə Vətənimizə, dövlətimizə, xalqımıza və müstəqilliyimizə sadiq zabitlər kimi yetişəcəklərinə əminliyini bildirdi.

 

Sonda Ç.Əlləzov valideynlərlə söhbət apararaq, mövcud şəraitdə hərb sənətinin xüsusi önəm daşıdığını vurğuladı. Onların bu şərəfli yolu seçən övaldalarına dövlət tərəfindən yaradılan şəraitdən ətraflı söhbət açdı.

 

Hərbi tibb fakültəsinin şəxsi heyətlə iş üzrə baş köməkçisi, mayor Aslan Bayramov peşəkar hərbi həkim kadralarının hazırlanması istiqamətində fakültə rəhbərliyinin fəaliyyəti barədə təəssüratlarını bizimlə bölüşərək övladlarını hərbi sahəyə yönləndirən valideynlərə də bu əlamətdar gün münasibətilə gözaydınlığı verdi.

 

Xatırladaq ki, hərbi həkim hazırlığı və feldşer hazırlığı kurslarının kursantları tam tərkibdə Hərbi And içdikdən və iki il təhsillərini davam etdirdikdən sonra hərbi hissələrdə qulluq edəcəklər.