Azərbaycan Tibb Universitetinin rəhbərliyi Həştərxan Dövlət Tibb Universitetinin 100 illiyi münasibətilə keçiriləcək mərasimlərə dəvət alıb. Dəvəti Bakıda olan Rusiya Federasiya Şurasının üzvü, tibb elmləri namizədi, Həştərxan Vilayət Dumasının üzvü Aleksandr Başkin ATU rəhbərliyinə çatdırıb.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşü zamanı senator A.Başkin bildirib ki, Həştərxan Dövlət Tibb Universieti vilayətin və ümumiyyətlə ölkənin ən qədim və nüfuzlu ali məktəblərindən biridir. Hazırda universitetdə 6000 tələbə təhsil alır ki, onların da 2 mini xarici ölkələrdən gələnlərdir. Həştərxan Dövlət Tibb Universitetinin 46 ölkədən tələbələri arasında Azərbaycandan gənclər də var.
Dumanın səhiyyə və sosial inkişaf komitəsinin üzvü A.Başkin iki ali məktəb arasında əlaqələrin möhkəmlənməsinə ehtiyac olduğunu da vurğulayıb və ATU nümayəndə heyətini Həştərxana dəvət edib. A.Başkin Azərbaycan və Həştərxan vilayəti arasında xüsusi dostluq münasibətlərin mövcudluğunu önə çəkərək səhiyyə, həmçinin təhsil sahəsində də bu münasibətlərin gücləndirilməsinə ehtiyac oldujğunu bildirdi.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Həştərxan Dövlət Tibb Universitetinin 100 illiyi münasibətilə tədbirə dəvət üçün qonağa təşəkkürünü bildirdi. Rektor G.Gəraybəyli iki universitet arasında əlaqələrin sıxlaşdırılması məqsədilə əməkdaşlığa dair saziş imzalanmasını təklif etdi: “Azərbaycan Tibb Universitetinin Rusiyanın bir çox universitetləri ilə əlaqələri mövcuddur, bəzi ali məktəblərlə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışıq. ATU Həştərxan Dövlət Tibb Universiteti ilə sazişin imzalanması bir çox sahələrdə bigə fəaiyyət göstərməyə, birgə tədbirlər keçirməyə, həmçinin müəllim və tələbə mübadiləsini reallaşdırmağa imkan verəcək”.
Rektor Gəray Gəraybəyli hazırda ATU-da aparılan və planlaşdırılan islahatlar haqqında Rusiyadan gəlmiş nümayəndə heyətinə məlumat vrdi. Qeyd etdi ki, tədris proqramlarına ciddi dəyişikliklər edilir, elektron jurnala keçid hazırlanır: “ATU-nun klinikalarında Rusiya universitetlərindən olan tələbələr də praktika keçirlər. Bu klinikalarda tələbələrin praktiki bilgilərə sahib olması üçün hər cür şərait yaradılıb”.
Tərəflər Azərbaycan və Həştərxan Tibb Universitetləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə saziş hazırlanıb qəbul edilməsinə dair ilkin razılıq əldə etdilər. Görüşdə Rusiya nümayəndə heyətinin üzvü, Rusiya Federasiya Şurasının üzvü Sergey Laptev, Rusiyanın Azərbaycandakı səfirliyinin təmsilçisi, ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov, rektor müşaviri Zülfüqar Musabəyov iştirak edirdilər.