Amerikalı mütəxəssislər Bakıda və regionlarda seminar keçirir

Oktyabrın 15-də Azərbaycan Səhiyyə Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyinin birgə dəstəyi ilə ATU-nun Cərrahiyyə Klinikasında həkim və rezidentlər üçün elmi-praktik seminar keçirilib. Seminarda ABŞ-ın Tennessi Ştatında fəaliyyət göstərən Venderblit Universitetinin Uşaq Xəstəxanasının neonatologiya şöbəsinin müdiri, prof.dr Scott O.Guthrie “Hava yolu maskaların az invazit yolla tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. O, neanotoloji xəstəliklər, uşaqlarda hava yolu maskalarının geniş istifadə olunması, uşaqların sağlamlığına göstərilən diqqət və qayğı ilə bağlı geniş məlumat verib.

 

Seminarda ABŞ-ın Azərbaycandakı Səfirliyinin həkimi Steve Stonehouse də iştirak edib. O, keçirilən seminarın  ölkəmizdə neanotoloji sahənin inkişafında,  həkimlərin bilik və praktik vərdişlərinin artırılmasında rolundan söhbət açıb. Bildirib ki, bu layihənin ölkə ərazisində 2 həftə keçirilməsi nəzrdə tutulub: “Keçən həftə seminarlar Gəncə və Şəkinin Perinatal Mərkəzlərində keçirilib. Layihə çərçivəsində Bakıda və regionlarda ən az 300 həkimin iştirakı nəzərdə tutulur. Bu həftə isə Bakıda fəaliyyət göstərən bir sıra tibbi müəssisələrdə seminarlar təşkil olunacaq.” Seminar zamanı uşaq maketləri üzərində aparılan təcrübələr həkimlərə nümayiş etdirilib.

 

Təcrübə zamanı amerikalı mütəxəssislər seminar iştirakçılarının suallarına ətraflı şəkildə cavab veriblər.