“Hilton Baku”da revmatoloqların beynəlxalq simpoziumu keçirilib

Oktyabrın 19-da “Hilton Baku” Hoteldə Azərbaycan Tibb Assosiasiyasınn Revmatologiya Dərnəyinin təşkil etdiyi və 250-dən artıq həkim revmatoloq, travmatoloq, terapevt və pediatrın  iştirak etdiyi Beynəlxalq Simpozium öz işini uğurla başa çatdırıb. 

 

Beynəlxalq Simpoziumda revmatologiya sahəsində Azərbaycanın aparıcı mütəxəssisləri, Rusiya və Belarusiyadan dəvət olunmuş məruzəçi ekspert revmatoloqlarlar maraqlı təqdimatlar ediblər.

 

Açılış sözü ilə simpozium iştirakçılarını salamlayan Azərbaycan Tibb Assosiasiyasınn Revmatologiya Dərnəyinin sədri, tibb üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Sahib Musayev öz çıxışında  qeyd edib ki, bu beynəlxalq simpoziumun Bakıda keçirilməsi sevindirici və mühüm hadisədir:” Revmatologiya Dərnəyi tərəfindən indiyədək mütəmadi keçirilən elmi-praktik simpoziumların təşkilində əsas məqsəd revmatologiya sahəsində ən son elmi yenilikləri həkimlərimizə çatdırmaqdır. Revmatologiya multidistiplinar ixtisaslara aid olduğu üçün bir neçə tibbi ixtisas üzrə fəaliyyət göstərən həkimlərin belə simpoziumlarda bir araya gəlməsi, fikir mübadiləsi etməsi müvafiq ixtisas üzrə həkimlərin peşəkar təcrübələrinin artırılmasına və akademik  biliklərinin təkmilləşdirilməsinə geniş imkanlar yaradır”-deyən S.Musayev bu cür elmi-praktiki tədbirlərdə ixtisasçı həkim mütəxəssislərin mənimsədikləri  akademik biliklərin xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaratdığını bildirib.  

 

S. Musayev son illər Səhiyyə Nazirliyinin apardığı islahatlar nəticəsində 2017- ci ilin sonundan etibarən həkimlərin Davamlı Tibbi Təhsil üzrə təkmilləşmə sisteminin beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunduğunu vurğulayıb.

 

Beynəlxalq Simpoziumda  aparıcı mütəxəssislər həmçinin revmatologiya sahəsindəki  ən son nailiyyətlərdən və müasir müalicə metodlarından danışıblar.

 

Dəvət olunmuş ekspert məruzəçilər Russiya Elimlər Akademiyası V. A. Nasonova adına Elmi- Tədqiqat Revmatologiya İnstitutunun professoru  Serqey Solovyov və professor Boris Вelov çox geniş və maraqlı məruzələrlə çıxış ediblər. Həmçinin Belarusiyada Respublika Revmotologiya Mərkəzinin rəhbəri, Belarusiya Tibb Universitetinin pofessoru Nikolay Soroka  simpoziumda öz zəngin və maraqlı təqdimatını iştirakçıların diqqətinə çatdırıb.Azərbaycanın revmatologiya sahəsi üzrə tanınmış ekspert mütəxəssislərindən əməkdar elm xadimi, professor Sahib Musayev,  əməkdar elm xadimi, professor Surxay Musayev və professor Eldar Abbasov  simpoziumda öz zəngin təcrübələri və tətbiq etdikləri unikal müasir müalicə metodları haqqında maraqlı təqdimatlar ediblər.

 

Mövzular ətrafında geniş müzakirələr aparılıb.

 

Qeyd edək ki, Revmatologiya Dərnəyinin Beynəlxalq Simpoziumunun elmi proqramı Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiyadan keçirilmişdir və bu tədbirdə iştirak edən həkimlərə  Davamlı Tibbi Təhsil üzrə kredit balları qeyd olunmuş sertifikatlar təqdim olunub.