29-30 oktyabr tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin yekun attestasiya imtahanlarının 2-ci hissəsi – bacarıq imtahanları keçirilib.
ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədovun sözlərinə görə, rezidentlərin bacarıq imtahanları uğurla başa çatıb: “Birinci mərhələni yəni, 38 ixtisas üzrə keçirilən test imtahanını uğurla keçən rezidentlər 2-ci mərhələyə buraxıldılar. İkinci mərhələdə 15 nəfər rezident imtahandan kəsildi, 21 nəfər müxtəlif səbəblərdən imtahanda iştirak etmədi”.
R. Məmmədov imtahan prosesi zamanı hər hansı problemə rast gəlinmədiyini bildirdi: “Sadəcə, bəzi fənnlər üzrə sualların dəyişdirilməsi məsələsi müzakirə olundu. Xüsusilə də, bacarıq imtahanlarında bəzi ixtisaslar üzrə təkrar suallar vardı. Bu sualların dəyişdirilməsi gələn ilə planlaşdırıldı”.
Qeyd edək ki, bu il 41 bazadan ümumilikdə 330 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 127 nəfəri ATU-nun məzunlarıdır. Ümumilikdə rezidenturaya aid 38 ixtisas üzrə 375 nəfər yekun attestasiyadan keçib.