Türkiyəli cərrahlara ATU-nun medalı təqdim olundu

Azərbaycan Tibb Universitetində (ATU) Tələbələrin və gənc alimlərin V beynəlxalqkonfransı keçirilir. Konfrans çərçivəsində Türk Endoskopik Laporoskopik Cərrahiyyə dərnəyinin rəhbəri, professor Cavit Avcının başçılığı ilə dərnəyin nümayəndə heyəti ATU-nun rektoru Gəray Gəraybəylinin qonağı olublar.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetlə Türk Endoskopik Laporoskopik Cərrahiyyə dərnəyi arasında əlaqələrin getdikcə daha da sıxlaşmasından məmnunluğunu dilə gətirdi: “Azərbaycan Tibb Universitetinin xarici əlaqələri sırasında Türkiyənin ali məktəbləri ilə münasibətlər bizim üçün xüsusi yer tutur. Ötən il Hacettepe Universiteti ilə əməkdaşlığa dair saziş imzalamışıq. Bu yaxınlarda Erzurum Atatürk universiteti ilə əlaqələr qurmaq üçün ATU-nun nümayəndə heyəti orada olacaq. Bizim indi əsas hədəfimiz tədris proqramlarının dəyişdirilməsi və tamamilə beynəlxalq standartlara uy-ğunlaşdırılmasıdır. İnanırıq ki, buna nail olduqdan sonra tələbə mübadiləsi daha da aktivləşəcək”. G.Gəraybəyli xatırladıb ki, r il YÖK-ün xətti ilə Türkiyədən 150-yə yaxın tələbə Azərbaycan Tibb Universitetinə gəlir. Lakin gələcəkdə bu göstəricinin daha da yüksələcəyini gözləmək olar.

 

Türk Endoskopik Laporoskopik Cərrahiyyə dərnəyinin rəhbəri, professor Cavit Avcı qeyd edib ki, konqres çərçivəsində tələbələr üçün xüsusi kursların təşkili çox önəmli və faydalıdır: “Biz hamımız həm müəllim, həm də həkim cərrahıq. Ona görə də bildiyimizi öyrətməyə, paylaşmağa çalışırıq. Cərrahiyyə daxilində laporoskopik cərrahiyyə tibbin gəlib çıxdığı ən vacib nöqtələrdən biridir. Burada telesəhiyyə də mühüm rol oynayır. Ona görə də telesəhiyyənin imkanlarından yararlanmağı öyrətmək lazımdır. İnanıram ki, laporoskopik cərrahiyyə gələcəkdə daha da inkişaf edəcək

 

Görüş zamanı Türk Endoskopik Laporoskopik Cərrahiyyə dərnəyinin təşkilatçılığı ilə növbəti konfransın təşkili məsələsi də müzakirə olundu. Sonda rektor G.Gəraybəyli qonaqlarATU-nun medalını hədiyyə etdi.