Radioloqların elmi seminarı keçirilib

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 8 Noyabr Ümumdünya Radioloqlar Gününə həsr olunmuş elmi seminar keçirilib.

 

Seminarı giriş sözü ilə açan Şüa diaqnostikası və terapiyası kafedrasın müdiri, dosent Məlahət Sultanova radioloq həmkarlarını bayram günü münasibəti ilə təbrik edərək bu günün keçirilməsinin tarixi barədə iştirakçılara ətraflı məlumat verib.

 

M.Sultanova 1895-ci il noyabrın 8-də alman fiziki Vilhelm Rentgenin gözə görünməyən qəribə xassəli şüalar kəşf etdiyini və həmin şüaların X şüaları adı ilə elmə daxil olduğunu bildirib. O, 2012-ci ildən etibarən Avropa Radiologiya Cəmiyyətinin, Amerika Radiologiya Kollecinin və Şimali Amerika Radiologiya Cəmiyyətinin birgə qərarı ilə hər il 8 Noyabr Ümumdünya Radioloqlar Günü kimi qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb: “Radiologiya sahəsi tibbin ən öndə gedən sahələrindən biri hesab olunur. Fəxarətlə deyə bilərəm ki, bu gün istifadə etdiyimiz müayinə üsulları xəstəlikləri molekulyar səviyyədə aşkarlamağa və bu şüaların köməyilə xəstəliyi ilkin mərhələdə uğurla müalicə etməyə imkan verir”. 
M.Sultanova tibbin digər sahələrində olduğu kimi, dövlətimizin bu sahəyə də göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Gələn il beynəlxalq konfransın keçirilməsinin planlaşdırıldığını qeyd edib.

 

Seminarda dosent Rasim Bayramovun“Temporal sümüyün radiologiyası”, Tədris Terapevtik Klinikanın həkim-radioloqu Günel Qəmbərovanın “İnraduktal patologiya” və rezident Gültən Rəfibəylinin “Persistə edən sol yuxarı boş vena” mövzularında etdikləri çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.