Noyabrın 12-də Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və təşkilatçılığı ilə “Antimikrob preparatlara davamlılığın azaldılmasında maarifləndirmə həftəsi”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Dəyirmi masa iştirakçıları antimikrob preparatlara davamlılığın qlobal bir problem olduğunu qeyd edib, onun qarşısının alınmasında ayrı-ayrı təşkilatların və ictimaiyyətin rolu haqqında fikir mübadiləsi aparıblar.
Dəyirmi masada Azərbaycan Tibb Universitetini Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri professor Akif Qurbanov, Ümumi cərrahlıq kafedrasının müdiri professor Elçin Ağayev, Tədris Cərrahiyyə kinikasının laboratoriyasının müdiri dosent Yavər Hacıyev təmsil ediblər.
Professor Akif Qurbanov “Antimikrob preparatlara davamlılığın azaldılmasında Azərbaycan Tibb Universitetinin rolu” adlı məruzə ilə çıxış edib. Çıxışda antimikrob preparatlara davamlılıq haqqında ATU-nun təhsil proqramında nəzərdə tutulmuş mövzulardan bəhs edib, bu təhsil ocağının klinikalarında aparılan müasir laborator müayinələrin və müalicə üsullarının bu sahədəki rolundan danışıb.
Sonda dəyirmi masa iştirakçıları antimikrob preparatlara davamlılığın azaldılması üçün müvafiq qurumların və ictimaiyyətin rolu haqqında hədəfləri müəyyənləşdiriblər.