Noyabrın 14-də II Müalicə-profilaktika fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin təşkilat komitəsi üzvlərinin toplantısı keçirilib. Toplantını fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli açaraq təşkilat komitəsinin üzvlərinə uğurlar diləyib.
Sonra Normal fiziologiya kafedrasının dosenti, fakültə üzrə TEC-in rəhbəri Aqil Əliyev, təşkilat komitəsinin üzvlərinin üzərinə düşən öhdəlik və vəzifələrdən söhbət açıb. Üzvlərə lazımi tövsiyyələrini verən TEC rəhbəri bildirib ki, TEC-in növbəti konfransının keçirilməsinə hazırlıq işləri görülməli, təşkilat komitəsinin iş qrafiki təsdiq edilməlidir.
A.Əliyev həmçinin qeyd edib ki, konfrans iştirakçısı olan hər bir tələbənin elmi işlərinin dərci üçün jurnalın da nəşrinin planlaşdırılıldığı nəzrdə tutulur: “Ötən il olduğu kimi bu il də jurnalımız nəşr olunacaq. Çalışın tələbələr arasında bu istiqamətdə təbliğat işi aparın ki, məqalə dərc etdirməyə həvəsli olanlar fəallıq göstərsinlər”.
Fakültə üzrə TEC-in sədri Fidan Bəylərova öz çıxışında təşkilat komitəsinin sıralarına yeni tələbələrin də qoşulduğunu bildirib:” Hesab edirəm ki, təşkilat komitəsinə ötən il üzv olan tələbələr bu il də eyni fəallıq göstərəcəklər. Yeni üzv olanlara da şərait yaradacağıq ki, onlar da öz bacarıqlarını ortaya qoysunlar. Əminəm ki, yeni üzvlərimiz də qısa zamanda özlərini doğruldacaqlar” –deyən F.Bəylərova təşkilat komitəsi üzvlərinin öz üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.
Qeyd edək ki, toplantıda qarşıda duran həlli vacib bir sıra məsələlər də müzakirə olunub.