ATU-nun nümayəndəsi Beynəlxalq Konqresdə məruzə edib

Azərbaycan Tibb Universitetinin (ATU) ağız, üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova ABŞ-da keçirilən “ISAPS 2018” Mayami Konqresində iştirak edib. Konqresin işinə dünyanın bir çox ölkəsindən gələn 3 minə yaxın cərrah qatılıb.

 

Qürurla qeyd edək ki, Nigar Sultanova Estetik Plastik Cərrahların 49-cu Beynəlxalq Konqresində elmi işini də təqdim edib. Onun sözlərinə görə, konqresə 5000 elmi iş göndərilsə də, onlardan yalnız 400-ü təqdimat üçün seçilib. Təsadüfi deyil ki, ATU təmsilçisi həm də konqresin sessiyalarından birində, piyin köçürülməsinə həsr olunmuş bölməsində moderator qismində iştirak edib:

 

“Konqresdə “The Application of Microlipografting for Correction of the Secondary Posttraumatic Enopthalmos” mövzusunda çıxış etdim. Deyə bilərəm ki, təqdim etdiyim iş çox maraqla qarşılandı, çoxlu sualları cavablandırdım. Ümumilikdə, toplantı zamanı dünyanın ən peşəkar plastik cərrahları tərəfindən 64 master-klass təşkil olunmuşdu”.

 

N.Sultanovanın sözlərinə görə, konqres çox faydalı olub. Burada mütəxəssislər həm təcrübə mübadiləsi aparıblar, həm də plastik cərrahiyyədə tətbiq olunan yeni metodikalarla tanış olublar. Konqres həm də yeni əlaqələr, dünyanın digər ölkələrindən olan peşəkarlarla münasibətlərin yaradılması baxımından da məhsuldar keçib.